6 Avqust 2020 18:25
2 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya terror tarixində yeni mərhələ başlayıb. İndi terrorçular artıq adi partlayışlar törətmirlər, texnogen qəzaları imitasiya edirlər. Siftə, 1986-cı il Çernobl qəzasından başladı. Təcrübə, indi Yaxın Şərqə, İrana (orda silsilə texnogen qəzalar baş alıb gedir) və Livana sıçradı”.

Teleqraf.com xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.

Həmid Herisçi Beyrut faciəsindən 5 gün əvvəl Feysbuk səhifəsindəki paylaşımına diqqət çəkib:

“Bir dəfə dünyadakı bütün aviaqəzaları yaxşıca öyrəndim. Gördüm, qəzaların təbii səbəbləri sonradan qəza komissiyaları tərəfindən məkrlə öyrənilir. Sonra bu təcrübə süni şəkildə təkrarlanır, düşmən təyyarələrinin vurulmasında, habelə digər təxribatlarda istifadə edilir. Qəza bu dəfə təbii kimi göstərilir. Bu kəşf mənimçün bütün digər faciələrin əsl səbəbini aşkarlamaq işində əsl “Ariadnanın ipucu” oldu.

1981-ci ilin 7 fevralında Leninqrad-Vladivostok marşrutu ilə uçan “TU-10A” təyyarəsinin qəzası nəticəsində SSRİ-nin 16 dəniz admiralı və genaralı, 12 yüksək vəzifəli zabiti həlak olmuşdu. Səbəb gülməliydi - təyyarənin yüklüyünə ağır tonajlı qəzet kağızı rulonu qoyulubmuş. Uçuş zamanı o, yerindən oynamış, aerodinamika qanunlarını pozaraq təyyarəni qəzaya uğratmışdı. Qəza bütün Sakit Okean donanmasını başsız qoymuşdu.

Sonralar, çox sonralar mən bu cinayətin izinə düşdüm. Oxşar hadisəni Qərbdə tapdım. Orda da 50-60 il öncə belə oxşar qəza baş vermiş, orda da bir ağır qəzet kağızı rulonu yerindən tərpənərək təyyarəni qəzaya uğratmışdı. Qəzanın səbəblərini aydınlaşdıran komissiya üzvlərindən biri sonradan bundan silah kimi istifadə etməyi təklif edir. Təcrübə sonradan, 1981-ci ildə həyata keçirilir. Təbii texnogen qəza ssenarisi dönür təxribat əməliyyatına”.

O, Beyrutdakı partlayışa da bu çərçivədən baxdığını bildirib:

“Oxşar partlayış 2001-ci ilin 21 sentyabrında Fransanın Tuluza şəhərindəki "Azote Fertilisants" kimyəvi fabrikində baş verib. Sonralar bu texnogen qəzanın səbəbləri oxşar "mütəxəssislər" tərəfindən diqqətlə öyrənilib. Nəticəsi düz 19 ildən sonra Beyrutda özünü göstərib. Dəst-xətt eynidir. 2001-ci il 11 sentyabr faciəsi və 21 sentyabr faciəsi. Rəqamsal ardıcıllığa bir fikir verin. 1995-ci lin 19 aprelində, ABŞ-ın Oklohama şəhərində də bənzər texnogen qəza baş verib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər