Avqustun əvvəlində korrupsiya ittihamı ilə ölkəni tərk edən İspaniyanın keçmiş kralı I Xuan Karlos Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə tapılıb.
Teleqraf.com xəbər verir ki, keçmiş monarxın hərəkətlərini izləyən İspaniyanın “ABC” qəzetinin jurnalistləri onun sutkası 11 min avro dəyərində olan prezident nömrəsində yerləşdiyini iddia edirlər.
Qəzetin yazdığına görə, avqustun 3-də I Xuan Karlos İspaniyanın Viqo şəhərindən “Bombardier Global 6500” tipli icarəyə götürülmüş şəxsi təyyarə ilə havaya qalxıb. Yeddi saat sonra təyyarə yalnız Abu-Dabiyə gələn biznes-jetləri (işgüzar məqsədlər üçün səfər edən şəxsləri daşıyan özəl təyyarələr) qəbul etmək üçün istifadə olunan AZI (Al Bateen Executive Airport) hava limanına enib.
Buradan sabiq monarxı helikopter aparıb, onu dünyanın ən bahalı hotellərindən olan “Emirates Palace”a çatdırıb. “ABC” qeyd edir ki, bu yerin ərazisi diqqətlə qorunur, bu da məşhur qonaqlara paparatsilərdən qorunmaq imkanı verir.
I Xuan Karlos sutkası təxminən 11000 avroya başa gələn hoteldəki altı prezident nömrəsinin birində qalır. Qəzetin həmsöhbətlərinin bildirdiyinə görə, keçmiş kral bu hoteldə ilk dəfə deyil.
I Xuan Karlosun harada olması barədə məlumatı “Nius” nəşri də təsdiqləyib. Qəzet Abu-Dabi hava limanının trapından çıxan ispan monarxına bənzəyən bir şəxsin şəklini dərc edib.
Keçmiş kral İspaniyanı tərk etmək niyyətini avqustun 3-də, İsveçrə prokurorluğunun eks-monarxın qadın dostu Korinne Sayn-Vitgenşteynə 65 milyon avro verməsi ilə əlaqədar araşdırmalara başlamasından sonra açıqlayıb. İspaniya mediası əvvəlcə keçmiş monarxın Dominikan Respublikasına qaçdığını güman edirdi.
I Xuan Karlos 39 il İspaniya kralı olub. O, 2014-cü ildə 76 yaşında ikən oğlunun xeyrinə taxt-tacdan imtina edib.