Oktyabrın 11-də Tallinn şəhərində Estoniyada fəaliyyət göstərən milli azlıqların həftəsonu məktəblərinin rəhbərləri və müəllimləri, habelə bir sıra dini-sosial təşkilatların nümayəndələri üçün dünya dinləri və Estoniyanın din landşaftı mövzusunda seminar keçirilib. Seminarın təşkilində Estoniyadakı Azərbaycan icması yaxından iştirak edib.
Azərbaycan icmasının rəhbəri Niyazi Hacıyev seminarda çıxış edərək kiçik olmasına baxmayaraq Estoniyada 100-dən artıq xalqın nümayəndələrinin yaşadığını bildirib. O deyib ki, müxtəlif dillərdə danışan, fərqli mədəniyyəti və dini mənsubiyyəti olan insanları yalnız yüksək ümumbəşəri dəyərlər birləşdirir və bu dəyərləri qoruyub saxlamaq lazımdır.
Tartu Dövlət Universitetinin professoru, Estoniya Kilsələr Birliyinin sədr müavini Meeqo Remmel dinlərin yaranma tarixinə nəzər salıb, habelə sosial sorğular nəticəsində əldə edilən statistika məlumatlarından danışıb. Bütün dinlərin yalnız xeyirxahlığı və sülhü təbliğ etdiyini, insanları mehribanlığa və ədalətə çağırdığını bildirən M.Remmel vurğulayıb ki, cəmiyyət insani dəyərləri qorumağı bacarmalıdır.
Diskussiya şəraitində keçirilən seminarda Azərbaycanı təmsil edən nümayəndələr fəal şəkildə iştirak ediblər.