24 Avqust 2020 10:49
2 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı deputat Aleksey Puşkov Belarus Prezidenti Aleksandr Lukaşenkonun silahla yayılmış görüntüsünə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, Lukaşenkonun güclü göründüyünü, amma mənzərənin acınacaqlı olduğunu deyib.

“Güclü görünür, amma mənzərə acınacaqlıdır”, - Puşkov vurğulayıb.

Deputat siyasətdə böyük səhvlərin olduğunu, amma belə bir görüntünü yayımlamaq üçün elə də ciddi səbəblərin olmadığını deyib.

Bundan əvvəl, Belarus mediasında Lukaşenkonun Minskdəki İstiqlal Sarayının ərazisinə eniş edən vertolyotdan düşdüyünü, güllə keçirməyən jilet və pulemyotla videogörüntüsü yayılıb.

Ötən gün Minskdə minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilib. Etirazçılar prezident seçkilərində səslərin yenidən sayılmasını, eləcə də yeni səsvermənin təşkilini tələb ediblər. Nümayişçilər dövlət başçısının iqamətgahına yaxınlaşsalar da, təhlükəsizlik qüvvələri və xüsusi texnika onların yolunu kəsib.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. MSK-ya görə, Lukaşenko 80,1% səs toplayaraq altıncı dəfə qalib gəlib. Müxalifət isə hesab edir ki, onun rəqibi Svetlana Tixanovskaya qələbə qazanıb.


Müəllif: Mənsur Rəğbətoğlu