Suriya ordusu (Bəşər Əsəd) rus hərbi qüvvələrinin iştirakı ilə avqustun 18-dən 24-dək ölkənin mərkəzi hissəsində silahlı qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Suriyadakı rəsmi nümayəndəsi məlumat yayıb.
Məlumatda əməliyyatlarda Rusiyanın Suriyadakı hərbi qüvvələrinin də iştirak etdiyi bildirilib. Əməliyyatlarda Rusiya Aerokosmik Qüvvələr və Suriya Hərbi Hava Qüvvələri silahlı qruplaşmaların mövqelərinə hava və artilleriya zərbələri endirib.
Xüsusi təyinatlı kəşfiyyat və axtarış qruplarının da əməliyyatlara cəlb olunduğu deyilib.
Nəticədə silahlı qruplaşmaların 327 hərbçisi öldürülüb, 134 sığınacaq, 17 müşahidə postu, 7 silah-sursat üçün yeraltı və yerüstü anbar məhv edilib.