“Rusiya və Azərbaycan arasındakı danışıqlar yeni mərhələyə keçib. Qarşılıqlı səfərlər, aparılan danışıqların məzmunu Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın hazırkı siyasəti ilə bağlıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə hərbi yaxınlaşmasından narahat olan Moskva hərəkətə keçərək, Azərbaycana vədlər verməklə regiondakı güc balansını öz lehinə dəyişməyə çalışır:
“Müdafiə naziri Şoyqunun Bakıda Rusiyanın bundan sonra da Azərbaycana qarşı hər hansı bir fəaliyyətinin olmayacağını vurğulaması da təsadüfi deyil. Kreml ümid edir ki, bu səfər ikitərəfli münasibətlərdə yeni bir impuls ola bilər. Amma Kremlin regiondakı şübhəli fəallığı, Ermənistana hərbi yardımları davam etdirməsi, ona olan etimada zərbə vurur. Şübhəsiz ki, Rusiyanın Azərbaycandan istədikləri də var. Lakin Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyümüz çərçivəsində həllini tapmayana qədər Azərbaycan Rusiyanın patronajlıq etdiyi hərbi-siyasi birliklərdə yer almayacaq”.
Məhəmməd Əsədullazadə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun hazırda Rusiyada səfərdə olduğunu söyləyib:
“Sergey Lavrovun bu səfər çərçivəsində Azərbaycan tərəfinə Qarabağ məsələsi ilə bağlı yeni təklif verəcəyi mümkündür. Dialoqun bərpası və bir neçə rayonun qaytarılması danışıqların növbəti mərhələsində müzakirə predmeti ola bilər. Amma Rusiyanın bu prosesdə də səmimi olacağı şübhəlidir.
Şübhəsiz ki, Rusiya Ermənistanın Tovuz təxribatından sonra Azərbaycanın yürütdüyü siyasətin vektorunu 180 dərəcə dəyişdircəyini gözləmirdi”.
Ekspert Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Bakıda səsləndirdiyi fikirlərə də diqqət çəkib:
“Şoyqunun Ermənistana göndərilən hərbi təyinatlı yükləri “tikinti materialları” adlandırması gülüncdür. O desəydi ki, təyyarələrlə göndərilən silahlar Gümrüdəki 102-ci baza üçün nəzərdə tutulub, bu açıqlama həqiqətə uyğun ola bilərdi. Görünür, “tikinti materialları” deməklə, bir daha bu silahların Ermənistan üçün nəzərdə tutulduğunu dolayı etiraf etmiş oldu”.