27 Avqust 2020 13:40
8 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rus mediası müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərini çox solğun işıqlandırdı. Nazirin Azərbaycana səfərinin səbəbi kimi onun “Dəniz kuboku” oyunlarının açılışında iştirakı göstərilir. Burdan belə qənaətə gəlmək olar ki, Xəzər ətrafında “oyunlar” hələ də davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Politolqun sözlərinə görə, rus mediasında Şoyqunun səfəri həm də az qala “sülhməramlı missiya” kimi təqdim edilir:

“Bəs həqiqətdə Şoyqu Bakıya hansı missiya ilə gəlmişdi? Bu sualın cavabını nazirin özünün açıqlamalarında tapmaq olar. Amma öncə səfərdən əvvəlki bəzi olayları xatırlayaq.

Düşmən Tovuz təxribatı törətdi və bundan düz bir ay sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirdi ki, münaqişəyə səbəb Ermənistanın köhnə sərhəd məntəqəsini bərpa etmək istəyi olub. Lavrov onu da dedi ki, məqsəd Azərbaycanın Tovuz ərazisindən keçən kommunikasiyalarına nəzarətə görüməkmiş. Beləliklə, üzdə Ermənistanı ittiham edən bəyanatın əsl məqsədi hədəfi göstərməklə Azərbaycanı təhdid etmək idi, çünki Ermənistanın ən azı 4 ölkəyə Azərbaycanın enerji daşıyıcılarını nəql edən kəmərlərə nəzarət istəyi ona çox baha başa gələ bilərdi. Bunu İrəvan anlamaya bilməz.

İndi qayıdaq Şoyqunun Bakıdakı bəyanatlarına. Bakıda olarkən o iddia etdi ki, Tovuz təxribatının arxasınca Rusiyadan Ermənistana daşınan 400 ton yük silah yox, Rusiya hərbi bazası üçün kərpic, qum, sement kimi tikinti materialları imiş. Eyni zamanda, Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın Azərbaycana qarşı heç vaxt heç bir addım atmadığını, Azərbaycana öz tərəfdaşı kimi baxdığını, pandemiya səbəbindən zəifləyən əlaqələri əvvəlki səviyyəyə qaytarmaqda maraqlı olduğunu bildirdi. Rusiyanın Cənubi Qafqaz bölgəsində maraqlarının olduğunu, amma bu maraqların bölgə ölkələrinə qarşı yönəlmədiyini də dilə gətirdi”.

Politoloq hesab edir ki, Şoyqunun açıqlamaları Lavrovun bəyanatının davamıdır:

“Bəli, Rusiya Cənubi Qafqazı öz təsir dairəsinə qaytarmaqda israrlıdır, bu isə o deməkdir ki, bölgədə təxribatlar və münaqişə ehtimalları artacaq. Rusiya Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını öz maraqlarına təhdid kimi görür. Deməli, Türkiyəni Azərbaycandan çıxarmaq üçün bütün vasitələrə əl atacaq. Bu, həm də Rusiya qazından imtina edərək, Azərbaycandan qaz idxal edən Türkiyəni yenidən qaz almağa məcbur etmək üçün zəruridir.

Nəhayət, müxtəlif bölgələrdə Türkiyənin təpkisi ilə üzləşən Rusiyaya Qafqazda uğur lazımdır. Əks halda onun Yaxın Şərq missiyası mənasını itirə bilər.

Beləliklə, özünü “sülh göyərçini” kimi təqdim edən Şimal qonşumuzun əsas məqsədi Cənubi Qafqazı və xüsusilə də Azərbaycanı özünün Yaxın Şərqə çıxış dəhlizi kimi əldə saxlamaqdır. Amma təcrübə göstərir ki, istənilən ölkəni təslimçiliyə sürükləmək üçün xarici amildən istifadə (bizim vəziyyətimizdə Qarabağ münaqişəsi) yetərli deyil. O, yalnız detonator rolunu oynaya bilər, partlayıcı isə ölkənin daxilində yerləşməlidir...”

Ərəstun Oruclu Azərbaycana qarşı yeni təxribatlara cəhdlərin olacağını istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər