“Krımın Rusiyaya birləşdirilməsi beynəlxalq hüquq normalarının kobud formada pozulması deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Litvanın “LRT” nəşrinə verdiyi müsahibədə Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya deyib.
“Krımın Rusiyaya birləşdirilməsi beynəlxalq qanunlara ziddir. Eyni zamanda, yarımadada vəziyyət qəlizdir və belarusların buna fərqli baxışları var. Belarusun əksər vətəndaşı kimi mən də hesab edirəm ki, Krım de-yure Ukrayna ərazisidir, amma qanunsuz şəkildə Rusiyaya birləşdirilib”, - Tixanovskaya bildirib.
Xanım siyasətçinin açıqlaması Rusiyada etirazlara səbəb olub.
Krımın Rusiya Federasiya Şurasındakı deputatı Sergey Tsekov deyib ki, Svetlana Tixanovskayanın Krımın Ukraynaya mənsub olması barədə dediyi sözlər siyasi karyera qurmaq üçün “iki stulda oturmaq” cəhdindən başqa bir şey deyil.
Digər rus deputat Olqa Kovidit isə Tixanovskayanı “hiyləgər” adlandırıb və qeyd edib ki, o, həqiqi siyasi yönümünü gizlətmək üçün ikiqat mühakimələrdən istifadə edə bilər.