Ukraynanın beşinci prezidenti Petro Poroşenkonun həyat yoldaşı Marina Poroşenko seçkilərdə Kiyev meri vəzifəsi uğrunda yarışacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediasına eks-prezidentin rəhbəri olduğu Avropa Həmrəylik Partiyasından məlumat verilib.
Məlumatda paytaxtda Poroşenkonun portreti olan afişaların peyda olduğu bildirilib. Bu, Ukraynanın paytaxtının hazırkı başçısı Vitali Kliçko ilə yarışmaq niyyətində olduğu barədə şayiələrin yayılmasına səbəb olub.
Partiyadan verilən açıqlamada isə bu iddia təkzib edilib:
“Poroşenko Kiyev meri uğrunda yarışlara qatılmayacaq. Çünki məğlub olma riski çox böyükdür. Üstəlik, hələlik əsas konsepsiya şəhər meri postuna bir namizəd irəli sürmək deyil, əksinə partiya siyahısını Kiyev Şəhər Şurasına tanıtmaq istəyir. Buna görə şəhərdə Poroşenkonun portretinin əks olunduğu reklam xarakterli lövhələr asıblar. Yəni bu, şəhər meri postuna olan iddia deyil, Kiyev Şəhər Şurasına seçkilərlə bağlıdır”.
Mənbə bu post uğrunda siyasətçinin həyat yoldaşı Marina Poroşenkonun mübarizə aparacağını deyib.
Seçkilər oktyabrın 25-də keçiriləcək.