Latın Amerikasında koronavirusdan ölüm hallarının ən yüksək səviyyədə olduğu ölkə Perudur.
Teleqraf.com xəbər verir ki, bu ölkədə səhiyyə sisteminin yararsız vəziyyətdə olması, əhaliyə ilkin tibbi-sanitar yardım göstərilməməsi, intensiv terapiya şöbələrinin azlığı və əhalinin hədsiz sıxlığı pandemiyaya qarşı mübarizəyə mane olur.
Ölkə əhalisinin üçdə bir hissəsi Limada yaşayır. Paytaxtın San-Xuan-de-Luriqanço rayonu isə əhalinin ən sıx olduğu, mənzil qıtlığı daha çox müşahidə olunan rayondur. Bu ilin mart-avqust aylarında Peruda ən yüksək ölüm götəricisi paytaxtın bu rayonunda qeydə alınıb.
İyul ayının axırlarında Lima və Kalyao şəhərlərində yeni koronavirusun yayılma dərəcəsinin tədqiqi nəticəsində məlum olub ki, sakinlərin 18 faizi bu virusa yoluxub. Yoluxanların əksəriyyəti yoxsulluq və əhali sıxlığı şəraitində yaşayanlardır.
Milli Statistika və İnformatika İnstitutunun məlumatına görə, San-Xuan-de-Luriqanço sakinlərinin 15-20 faizi pandemiyadan əvvəl yoxsulluqdan əziyyət çəkirdi.
Peru Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 3-dək COVID-19-dan ölüm hallarının sayı 29 min 259-a çatıb. Bunun əsas səbəbi səhiyyə xidmətlərinin əlçatan olmamasıdır. Peruda koronavirus qurbanlarının sayının artmasına ciddi təsir göstərən ikinci səbəb isə tibb işçilərinin azlığıdır.
Ötən həftənin cümə günü Peru hökuməti ölkədə fövqəladə vəziyyət, kommendant saatı və bazar günü evdən çıxmağa qadağa qoyulması müddətini daha 1 ay artırıb, dörd regionda və daha 14 regionun 45 əyalətində tam karantin elan edib.