Şimali Koreya sualtı ballistik raketlərinin sınaq atışlarına hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi məlumat yayıb.
Mütəxəssislər peyk vasitəsilə Sinpo gəmiqayırma zavodundan əldə edilən şəkillərin KXDR-in şübhəli fəaliyyətinə dəlalət etdiyini bildirirlər. Ölkə rəhbərliyinin “Pukquksonq-3” raketinin sınağına hazırlıq apara biləcəyinə inanılır. Amerikalı mütəxəssislər qapalı su hövzəsində bir neçə döyüş gəmisinin və buxtada iki “Romeo” tipli sualtı gəminin olduğunu qeyd ediblər. Onların fikrincə, bu sınaq atışlarına hazırlıqdan xəbər verir.
ABŞ hesab edir ki, sualtı gəmidən ballistik raketlərin buraxılmasına hazırlıq geniş müzakirə olunan “oktyabr sürprizi” ola bilər. Qeyd olunub ki, əvvəllər Cənubi Koreya mediası KXDR-də bu cür silahları daşıya bilən bir sualtı gəminin hazırlanması barədə məlumat yayıb.
Bundan əvvəl ABŞ-ın hərbi dairələri Şimali Koreyanın nüvə ehtiyatları barədə məlumat vermişdi. İddiaya görə, KXDR 60-a qədər nüvə bombası ilə silahlanıb. Şimali Koreyanın 2020-ci ilin sonunadək 100-ə qədər nüvə başlığı istehsal edə biləcəyi iddialar arasındadır.