Hər platformada, mesajımızda Türkiyənin ədalətli olması şərtilə hər cür paylaşıma hazır olduğumuzu bəyan edirik. Bu mövqeyimizdə səmimiyik. Problem nədir? Qarşımızdakıların bizim haqlarımızı yox sayması, özlərini bizdən üstün tutmağa çalışmasıdır. Amma bunun bu cür olmadığını, Türkiyənin üzə çıxardıqları əsassız ərazi iddialarının əks olunduğu xəritə və sənədləri cırıb atıb siyasi, iqtisadi və hərbi gücə sahib olduğunu başa düşəcəklər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Göztəpə rayonunda şəhərin dördüncü ən böyük tibb müəssisəsi olan Professor Süleyman Yalçın Şəhər Xəstəxanasının açılış mərasimində bildirib.
"Ya siyasət və demokratiyanın dili ilə başa düşəcəklər, ya da meydanda acı təcrübələrlə anlayacaqlar. Dünyada uzun zamandır hakim olan siyasi, iqtisadi status hərtərəfli sarsılmaqdadır. Bütün ölkələr və cəmiyyətlər üçün yeni bir dövrün ayaq səsləri getdikcə daha yüksəkdən eşidilir. Yeni dövrdə Türkiyəni layiq olduğu yerə çıxarmaqda qərarlıyıq", - deyə Ərdoğan söyləyib.
Türkiyə Prezidenti hazırda hədəfin Türkiyəni dünyanın 10 ən böyük dövlətindən birinə çevirmək olduğunu vurğulayıb.