7 Sentyabr 2020 14:14
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məluma yayıb.

Məlumata görə, Hikmət Hacıyev əvvəlcə Türkiyə prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müavini Fəxrəddin Altunla təkbətək görüşüb. Daha sonra hər iki tərəfin nümayəndə heyəti bir araya gələrək müzakirələr aparıb.

Rəsmi görüş zamanı Fəxrəddin Altun həm Türkiyənin, həm də Azərbaycanın həyati maraqlarına və mövcudluğuna qarşı təhdidlərin olduğunu, bu hücumların türk millətinə və türklüyə qarşı yönəldiyini ifadə edib.

Belə hücumlarla yalnız hərbi istiqamətdə qarşılaşmadıqlarını xatırladan Altun qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyəyə qarşı bütün istiqamətlərdə belə təsirlər var.

Türk rəsmisi bildirib ki, Türkiyə və Azərbaycan dünən olduğu kimi bu gün də “iki dövlət, bir millət” prinsipi ilə hərəkət edir, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin bu anlayışın sözdən ibarət olmadığını bütün dünyaya nümayiş etdirir.

Siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik başda olmaqla bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün liderlər səviyyəsində iradənin olduğunu vurğulayan türk rəsmisi iki ölkə hakimiyyəti arasında beynəlxalq və regional məsələlərdə əməkdaşlıq və həmrəylik ruhunun xalqlar arasında qardaşlıq hisslərini gücləndirdiyini bildirib.

Fəxrəddin Altun bəyan edib ki, iki dövlətin beynəlxalq və regional məsələlərdə üzləşdiyi şərait və meydanoxumalar qarısında sərgilədikləri birlik və əməkdaşlığı ən yüksək səviyyədə davam etdirəcəklər.

Türk dövlət rəsmisi əlavə edib ki, Türkiyə və Azərbaycan arasında media, rabitə və xalq diplomatiyası sahəsində əməkdaşlığın artırılması vacib məsələdir: “İki ölkənin bu istiqamətdə imkan və resurslarının bir araya gətirilməsi, habelə ortaq işlərə imza atması baxımından nəticələr əldə olunacağına inanırıq. Doğru informasiyanı sürətli şəkildə beynəlxalq cəmiyyətə çatdırmaq, yalan informasiya və dezinfomasiya ilə mübarizəyə qədər geniş bir sahədə Türkiyə və Azərbaycan ortaq əməkdaşlıq həyata keçirəcək. Bu nöqtədə Azərbaycan və Türkiyə Media Platforması yaratmaq məsələsində razılığa gəlib”.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Türkiyə “iki dövlət, bir millər” pinsipi ilə hər zaman və hər şəraitdə bir-birinin yanında olub: “Türkiyənin iqtisadiyyatdan xarici siyasətə qədər bütün sahələrdə əldə etdiyi uğurlar bizi sevindirir. Məqsədimiz qardaşlığımızın daha da genişləndirilməsi və gücləndirilməsidir”.

Hikmət Hacıyev iki ölkənin media və rabitə sahəsində dövlət və özəl sektor qurumlarının səx əməkdaşlıq və koordinasiyasından çox əhəmiyyətli faydalar əldə olunacağını ifadə edib. Əlavə edib ki, televiziyadan filmlərə qədər bütün istiqamətlərdə ortaq məhsulun hazırlanması, peşə əməkdaşlığı, texnologiya və informasiya paylaşımı ilə hər iki ölkəyə qarşı aparılan qara təbliğatla mübarizədə Türkiyə ilə iş birliyinin gücləndirilməsindən məmnundur.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildirlər.

Nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva müşayiət edirlər.


Müəllif: Cavad