Tarix boyu ölkəmizin biləyini diplomatiya, müdafiə və hərbi sahələrdə bükə bilməyənlər həmişə silah kimi iqtisadiyyata sarılıblar. Hücumlarda istifadə edilən yollar valyuta, faiz və inflyasiya olub. Ölkəmiz bir gecədə faiz dərəcələrinin 7500-ə çıxdığı günlər yaşadı. Millətimizin ruzisini, Türkiyənin sərvətlərini böhrandan və xaosdan bəslənən çevrələrə yedirməməkdə qərarlıyıq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində Türkiyə sığorta təqdimat mərasimində çıxış edən Ərdoğan qeyd edib ki, xüsusilə 15 iyul çevriliş cəhdindən sonra iqtisadiyyatda yeni bir dövrə qədəm qoyulub:
“Onlar “Beynəlxalq Valyuta Fonduna gedin borc alın” dedilər, amma biz bunu edənlərdən olmayacağımızı dedik. Ancaq BVF borc istəmək üçün bizim qapımıza gəldi. BVF ilə bağlı qapılar arxasında bazarlığa baş vuranların Türkiyəni bir daha keçmiş günlərinə geri döndərməyinə qətiyyən izn verməyəcəyik”.
Türkiyə Prezidenti daha sonra deyib: “Ölkəmiz digər sahələrlə yanaşı iqtisadiyyatda da bu epidemiya prosesindən güclənərək çıxacaq. Bunun üçün millətimizin bütün fərdlərinin tam səfərbərlik içində tədbirlər görməsi gərəkdir. Millətimizi bir daha “TAMAM” deyə sloqanlaşdırdığımız təmizlik, maska və sosial məsafə qaydasına əməl etməyə çağırırıq. Bu dövrdə bu toylardan, yemək mərasimlərindən vaz keçin. Gəlin, sadəcə nikah mərasimləri ilə bu işləri bitirək və bu dönəmi başa vuraq”.