Belarusiya Prezidenti Aleksandr Lukaşenko Belarus müxalifətinin Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Maria Kolesnikova və bir neçə müxalifətçinin Ukrayna ilə sərhəddə üzləşdikləri olayla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Lukaşenko mətbuata müsahibəsində Kolesnikova və həmkarlarının olduğu avtomobilin sərhəd-keçid məntəqəsində sürəti artırdığını və bu üzdən sərhədçilər tərəfindən sıxışdırıldığını bildirib.
“Onlar ukraynalılar tərəfindən saxlanılıblar. Biz onlarla danışıqlar aparırıq ki, həmin şəxsləri bizə qaytarsınlar ”, deyə Lukaşenko bildirib.
Qeyd edək ki, daha öncə Belarus müxalifətinin Koordinasiya Şurasının mətbuat xidməti Maria Kolesnikova, İvan Kravtsov və Anton Rodnenkovun itkin düşdüyünü elan etmişdi.
Belarusiya Dövlət Sərhəd Komitəsi müxalifətçilərin Ukrayna ilə sərhəddə nəzarət məntəqəsini keçdiyini təsdiqləyib.
Məlumata görə, Belarus müxalifətinin yaratdığı Koordinasiya Şurasının üzvləri Mariya Kolesnikova, İvan Kravtsov və Anton Rodnenkov sentyabrın 8-də saat 04:00-a yaxın Belarus-Ukrayna sərhədindəki “Aleksandrovka” beynəlxalq avtomobil buraxılış məntəqəsi vasitəsilə Belarus ərazisini tərk etməyə çalışıblar. "Rodnenkov, Kravtsov və Kolesnikova BMW avtomobili ilə gömrük nəzarətindən keçərək Ukrayna ərazisinə yönəliblər. Sərhəd naryadına rast gələn avtomobil sürəti kəskin artırıb və sərhəd xidməti əsgərinin həyatına təhlükə yaradıb. Kolesnikova avtomobil vasitəsindən kənarda qalıb. Onu avtomobildən itələyiblər və Ukrayna tərəfə hərəkəti davam etdiriblər”, – deyə Komitədən bildirilib. Qeyd olunub ki, Rodnenkov və Kravtsov Belarusu tərk edə biliblər, Kolesnikova isə saxlanılıb.
Ukrayna Dövlət Sərhəd Xidməti Belarus müxalifətinin Koordinasiya Şirasının üzvləri Rodnenkov və Kravtsovun ölkə ərazisinə keçdiklərini təsdiqləyib. Kolesnikova onlarla birlikdə olmayıb.
Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşşenko isə Belarus müxalifətçilərinin zorla ölkədən çıxarıldıqlarını açıqlayıb:
“Bu, könüllü gəliş deyil. Onları ölkələrindən zorakılıqla çıxarıblar. Mariya Kolesnikovanı Belarusdan çıxarmaq mümkün olmayıb, çünki bu mərd qadın onun sərhəddən keçirilməsinə mane olan hərəkətlər edib və Belarus Respublikası ərazisində qalıb. Onun həyatı və sağlamlığına görə şəxsən Aleksandr Lukaşenko məsuliyyət daşıyır”.
“İnterfaks-Ukraina” agenliyi xəbər yayıb ki, zorla ölkədən deportasiya edilməsinə cəhd edilən Kolesnikova öz pasportunu cırıb.