Qarabağ konflikti ilə bağlı danışıqlar prosesi faktiki sıfıra bərabərdir. Əvvəl Dağlıq Qarabağ və ətraf rayonlar haqqında danışıqlar aparılırdı. İndisə söhbət danışıqların təşkili ətrafında gedir. Yəni danışıqlar olacaq-olmayacaq, olacaqsa hansı formatda keçiriləcək kimi məsələlər diqqətdə saxlanılır. Əvvəl tərəflər görüşüb müzakirə aparırdılar ki, problemi necə həll etsinlər. İndi danışıqların baş tutmasının özü müzakirə mövzusudur.
Bu fikirləri Teleqraf.com-a hərbi mütəxəssis Azad İsazadə Dağlıq Qarabağ ətrafında dayanan danışıqlar prosesi və hərbi əməliyyatların başlamasının mümkünlüyü haqda danışarkən deyib.
Onun fikrincə, indi faktiki olaraq İrəvan danışıqlar aparmaq istəmir: “Ermənistan danışıqlardan qaçır. Hesab edirəm ki, biz bir qədər səbr və təmkinlə məsələyə yaxınlaşsaq və gözləsək bəlkə də Ermənistan hansısa razılığa gəlməyə məcbur olar. Çünki Türkiyə faktoru rəsmi İrəvanı və Moskvanı narahat edir”.
Hərbi əməliyyatlar ehtimalının hər zaman real olduğunu xatırladan Azad İsazadəyə görə, hazırda cəbhədə əməliyyatların başlaması riski yüksək deyil: “Mən yaxın altı ay ərzində cəbhədə böyük kəskinləşmə gözləmirəm. Əgər qarşı tərəf təxribatçı addımlara əl atmasa... Söhbət Azərbaycan və Ermənistanın danışıqlara və ya müharibəyə hazır olub-olmamasından getmir.
Dünyada siyasi vəziyyət aydın deyil və beynəlxalq güclərin diqqəti başqa məsələlərə yönəlib. ABŞ-da əsas mövzu prezident seçkiləridir. Rusiyanın başı isə daha çox Belarus və Ukraynaya qarışıb. Əgər cəbhədə təxribat baş versə və onun nəticəsində əməliyyatlar bərpa edilsə, güc mərkəzləri çalışacaqlar ki, gərginliyi dərhal sakitləşdirsinlər”.