Qardaş ölkədə dərc olunan “Türkiyə” qəzetində müasir dövrdə türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinin önəmindən bəhs edilir.
Teleqraf.com xəbər verir ki, “Türk Dünyası Nazirliyi” sərlövhəli məqalənin müəllifi Məryəm Aybikə Sinan bu birliyin tarixi zərurətdən irəli gəldiyini vurğulayır. Qeyd edir ki, müasir dövrdə ölkələr irq, din və qohumluq əlaqələrinə əsaslanaraq bir araya gəlir, birlikdə hərəkət edir, bütün sahələrdə həmrəylik nümayiş etdirərək ortaq maraqlarını genişləndirməyə çalışırlar. Bu, müasir dünyada yeni yanaşmalardan biridir. Xüsusilə maraqlıdır ki, mövzu biz türklər olduqda dərhal ortaq qərar qəbul edilir, bizə qarşı birgə hərəkət edirlər. Son günlər Türkiyə əleyhinə birlikdə hərəkət edən ölkələrin ortaq cəhətlərinin din və qohumluq bağları olduğunu görürük.
Müəllif vurğulayır ki, məhz bu səbəbdən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsi önəmlidir. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edərkən hər sahədə Türkiyənin yanında olduqlarını bəyan etməsi böyük bir addım idi. Ümid edirik ki, bu addım digər qardaş ölkələrdə də dəyərləndiriləcək.
Azərbaycan-Türkiyə əlaqələrinin bu səviyyəyə çatmasına təsir edən amillərə toxunan müəllif bunun ölkələrimiz arasında hərbi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın, eləcə də bütün sahələrdə atılan nəhəng addımların bəhrəsi olduğunu vurğulayır.
Türk Dünyası Nazirliyinin qurulmasının, bu sahəyə daha həssas və ciddi diqqət yetirilməsinin, qardaş ölkələrlə bütün sahələrdə güclü və çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinin qeyd edildiyi yazıda bildirilir: “Heç vaxt daxil ola bilməyəcəyimiz Avropa İttifaqı üçün bir vaxtlar Aİ Nazirliyi yaradılmışdı. Nəticəsi göz qabağındadır: bu nazirlik sonradan ləğv edildi. Deməli, artıq bəzi həqiqətləri gündəmə gətirməyin vaxtı çatıb, hətta keçməkdədir. Vaxt itirmədən Türk Dünyası Nazirliyinin qurulması və Türk Şurasına üzv olan qardaş ölkələrdə də bu nazirliyin yaradılması istiqamətində iş aparılmalıdır. Düz 31 il əvvəl bugünkü Türk Şurası ölkələrinin müstəqilliklərini bərpa edəcəklərini heç kim düşünməz, xəyal belə edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır və ölkələr bir-biri ilə münasibətlərini din və qohumluq əlaqələri əsasında inkişaf etdirməklə bağlı yanaşmadan əl çəkməyəcəklər. Biz də bir Türk Dünyası Nazirliyi quraraq əqrəba xalqlarla qardaşlıq hüququmuzu daha da inkişaf etdirə bilərik. Sizcə buna dəyməzmi?!”.