Rusiyanın Tver bölgəsində “Su-30” qırıcısı planlaşdırılmış uçuş zamanı məhv edilib.
Teleqraf.com “Kommersant”a istinadla xəbər verir ki, qırıcı “Su-35” təyyarəsi tərəfindən vurulub.
Araşdırma zamanı “Su-35”in “Su-30”a hərbi təlimlər zamanı həqiqətən hücum etdiyi məlum olub. Təlimdən əvvəl qırıcının təhlükəsizlik vəziyyətinə gətirildiyi deyilsə də, “Su-35” nəinki atəş edib, həm də “Su-30”u dəqiqliklə vurub.
Vurulan qırıcı Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən dörd saatlıq axtarışdan sonra tapılıb. Qırıcının düşməsi nəticəsində xəsarət alanın olmadığı bildirilib. Çox güman ki, hadisədən “Su-35” pilotu məsuliyyət daşıyacaq. Ona qarşı cinayət işi açılması mümkündür.
“Su-30” təyyarəsinin qəzaya uğraması barədə məlumat sentyabrın 22-də verilib. Təyyarə Tver bölgəsindəki Dornikovo kəndi yaxınlığında qəzaya uğrayıb. Fövqəladə vəziyyətin hava döyüşü təlimi zamanı baş verdiyi qeyd edilib. Versiyalardan birinə görə, təsadüfən bir hücuma məruz qalan təyyarənin heyət üzvləri paraşütlə atılaraq xilas olmağı bacarıblar.