Sentyabrın 22-də İrəvanın ümumi yurisdiksiya məhkəməsinin hakimi Tatevik Qriqoryan Bir Ermənistan Partiyasının sədri Artur Kazinyanın Xüsusi İstintaq Xidmətinə qarşı iddiasını təmin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Artur Kazinyan Nikol Paşinyanın xidməti saxtakarlıq törətməsi faktı üzrə cinayət barədə məlumatı təqdim edib. Həmin təqdimatda Ermənistan hökumətinin 16 mart qərarında pandemiyanın elanının 11 mart yerinə 13 mart olaraq göstərildiyi bildirilib.
“İlk baxışda bir səhvi xatırladan bu saxtakarlığın çox dərin siyasi əhəmiyyəti var, çünki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus pandemiyasını elan etdikdən sonra Paşinyan seçki kampaniyasını daha iki gün davam etdirdi, insanların kütləvi toplantılarını təşkil etdi.
Kazinyanın verdiyi məlumata görə, bu vəziyyəti gizlətmək üçün pandemiya elan edildiyi gün hökumətin qərarı qəsdən saxtalaşdırılıb.
Məhkəmənin qərarı əsasında Nikol Paşinyana qarşı rəsmi saxtakarlıq etmə faktı ilə cinayət işi başlanacaq. Cinayət işi çərçivəsində Nikol Paşinyandan başqa bu işə kimin cəlb olunacağı bəlli olacaq”, - qəzet yazıb.