Son aksiya AXCP-nin tam marginallaşdığını ortaya qoydu
Milli Şuranın 12 oktyabr mitinqi sosial-psixoloji baxımdan qan qaraldıcı idi.
Normalda, əlində məhbus şəkilləri tutmuş adamların, yaxınlarını azadlıqda görmək istəyən insanların bir araya gəlməsi başqalarında acıma hissi yaratmalı, bu duyğu media vasitəsi ilə cəmiyyətə sirayət etməli idi. Ancaq məhbus yaxınlarının kədər və gözləntisini AXCP fəallarının, islamçıların, mitinq aparıcısının və çıxışçılarının aqressiv tövrü arxa plana keçirdiyindən belə bir alğı yaranmadı. Xüsusən də mitinqin aparıcısı Əbülfəz Qurbanlının bir tərəfdən Əli Kərimliyə bənzəmək, bir tərəfdən də heç bir intellektə dayanmayan natiqlik,- buna tamadalıq demək daha yerinə düşər,- məharətini sərgiləmək çabası, bu zaman əllərini tez-tez irəli uzadaraq auditoriyaya özünü “lider” kimi təqdim etməsi məhbus yaxınlarını “Məhsul”da duyğu sömürüsünə məruz qoyurdu. Elə məhz bu səbəbdən də, mitinq nəinki cəmiyyətin, hətta beş metr aralıdakı meydançada futbol oynayanların emosiyalarına heç bir təsir göstərmədi.
Xəlifənin qara qarğaları necə qanadlandı?
Dünən vurğulamışdım, mitinqin ən yaddaqalan hadisəsi Azərbaycanda ilk dəfə İŞİD bayrağının qaldırılması oldu və bu həm mediada, həm də sosial şəbəkələrdə çox dartışıldı. Çıxan nəticə o oldu ki, Azərbaycanda İŞİD və onun kimi daha neçə radikal islamçı qruplaşmalar məqam gözləyir, dövlətin mərkəzləşdirmə gücü hər hansı səbəbdən bir gün zəifləsə, maliyyə və silah tapmaq problemi olmayan bu qüvvələr ölkəni qan çanağına çevirəcək. Ölkəsini, xalqını, dövlətini sevən heç bir rasional insan proseslərin bu yöndə getməsinə maraq göstərə bilməz. Bunun üçün də bu gün bütün sekulyar sölkələrdə olduği kimi Azərbaycanda da siyasi sistemdən kənarda qalmış islamçı qüvvələrin sağ- mərkəzdə özünə yer eləməsinə imkan vermək olmaz. Ancaq çox təəssüflər olsun ki, AXCP sədri Əli Kərimlinin (başqaları da var, ancaq indilik onun ismi üzərində dayanırıq) son illərdə bütün fəaliyyəti islamçılarla iş birliyi qurmağa yönəlib.
Budur, bir zamanlar Əbülfəz Elçibəyin yanında durmağı özünə sığışdırmayıb, bu gün Əbülfəz Qurbanlının yanında dayanmış, İsa Qəmbəri, Etibar Məmmədovu, Mirmahmud Mirəlioğlunu bəyənməyib Rövşən Əhmədli, Eldəniz Quliyev kimi “əl ağacları”na söykənmiş Əli Kərimlinin “mürid”lərindən biri dindarları aksiyaya qatılmağa təşviq etmək üçün yazıb: "Qazan xan demiş baxdım Əl-Qaidəyə, baş kəsib, qan töküb ad qazanıb. Baxdım İŞİD-ə baş kəsib qan töküb ad qazanıb. Baxdım bizim şiələrə, gördüm liderləri həbs olunub, özləri də onu müdafiəsiz buraxıblar. Əzizlərim demirəm baş kəsin, qan tökün, amma vallah belə oğulları müdafiəsiz qoymaq namərdlikdi. Bu nə dinə sığar, nə mənəviyyata, nədə insanlığa".
Daha qan tökməyə, baş kəsməyə səsləmək nə cür olur ki?
Daha İŞİD ortaya çıxarmaq nə cür olur ki?
Əli Kərimlinin müridinin “namərddir” deyib ehkam kəsməsi ilə, İŞİD-in “kafirdir” deyib ehkamla baş kəsməsnin ancaq şərait fərqi var.
Və... Baş kəsməyə hazırlaşanların mitinqində baş kəsən İŞİD-in bayrağının qaldırılması təbii deyildimi?
Və... Budur, Əli Kərimli çıxış edir, həbs olunarkən maşınından silah, üstündən heroin çıxan bir adamı- Hacı Tale Bağırzadəni öyüb, öyüb bir yerə sığdıra bilmir.
Kimdir bu adam deyə Google-də axtarış aparanda məlum olur ki, Hacı Tale İranın Qum şəhərində mollalıq öyrənib, Azərbaycanda təhsilə qarşı çadra aksiyalarını təşkil edib. Dünyəvi təhsil sistemimizin üzərinə zopa ilə gedən bir nəfəri sırf siyasi konyukturalardan dolayı müdafiə etmək, ondan siyasətçi yaratmaq, lider, müttəfiq düzəltmək Azərbaycanı bataqlığa sürükləmək cəhdindən başqa bir şey deyil. O bataqlıqda yetişəcək, üzə çıxacaq qüvvələrin hədəfi isə sadəcə mövcud hakimiyyətin təmsilçiləri olmayacaq, onlardan daha öncə Əli Kərimli ilə “haqq-hesab çürüdüləcək” və təbii ki, münafiq Natiq Gülməmmədov da unudulmayacaq.
Əli Kərimlidən soruşuram
Söz Əli Kərimlidən düşmüşkən, onun mitinq sonrası sosial şəbəkədən verdiyi bir mesajı da dartışmaya açmaq istərdim:
Əli Kərimli: "Mitinqimiz uğurlu alındı".
Mən: Nə idi bu uğurun indikatoru? Əbülfəz Qurbanlımı? İŞİD bayrağımı? Yoxsa, iki cüt, bir tək adammı?
Əli Kərimli: "Minlərlə həmvətənimiz Milli Şuranın çağırışı ilə siyasi məhbuslara azadlıq tələb etdilər".
Mən: Bu "minlərlə" həmvətənin içində İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn də vardı axı, onları niyə SAYMADINIZ?
Əli Kərimli: "Repressiyalardan qorxmayan, Azərbaycanın taleyinə biganə olmayan, bu ölkədə azadlıq və ətalətin təntənəsi üçün hər cür fədakarlığa qatlaşan vətən övladlarına təşəkkür edirəm!"
Mən: Ədalət, yoxsa ətalət? Bunu sadəcə, bir texniki səhv kimi yozmaq olardı. Amma sual edirəm: azadlıq və ədalət anlayışınızın içindəki bu İŞİD mayası nədir belə? Baş kəsməyə hazır olan adamlardan ədalət gözləmək olmaz. Məsciddən başlanan yolun son durağının demokratiya ola bilməyəcəyini də “Ərəb baharı”ndan sonra gördük.
Əli Kərimli: "Əminəm ki, müxtəlif səbəblərdən hələlik meydanda bizlərlə bərabər ola bilməyən 100 minlərlə soydaşımız da bu haqq davasına rəğbətlə baxır və bir gün bizlərlə birlikdə olacaqlar. O gün də gələcək!"
Mən: Mən o gün gələcəyinə şübhə edirəm, gəlməsini isə istəmirəm. Çünki bu ölkədə Əbülfəz Qurbanlının, Eldəniz Quliyevin, Rövşən Əhmədlinin ümidinə qalan partiya sədri yüz minləri ətrafına toplaya bilməz. Digər tərəfdən, bir zamanlar Əli Kərimliyə "malçişka" deyəndə Leyla Yunus haqqında dediklərinizi, dedizdirdikləriniz də yaddaşlardan silinməyib axı. Bir siyasətçi o zaman inandırıcı olur ki, prinsiplərə, meyarlara, etik qaydalara ardıcıl riayət etsin. Bu gün mentalitetdən yapışıb Leyla Yunusun qadın olduğunu qabartmaqla gender bərabərliyinin müdafiəçisi olan demokratiyanın daşıyıcısı kimi görünmək olmaz. Eynilə, mitinqə dinləyici kimi qatılmış olsalar belə, İsa Qəmbəri, Arif Hacılını, Pənah Hüseyni ən azı nəzakət xatirinə salamlamayanlardan iqtisadi münasibətlər və siyasi systemlə yanaşı demokratiyanın ən önəmli dayağı olan mədəniyyətdən danışmağa dəyməz.
Elçibəyə stul verməyənlərin İsa Qəmbəri salamlamaması
Yadımdadır, Əbülfəz Elçibəy vəfat edəndə, Heydər Əliyev yasa gəldi, tabuta ehtiramla baş əydi. Bu, Heydər Əliyevin göstərdiyi şəxs kimi mərdlik, lider kimi alicənablıq, prezident dövlətçilik nümunəsi idi. Ancaq o gün nə Əli Kərimli, nə də Rüstəm İbrahimbəyov fiaskosundan sonra Milli Şuranın prezidentliyə namizəd göstərdiyi Cəmil Həsənlinin gözü İsa Qəmbəri görmək istəmədi. ”Yağış yağıb, cadarlar örtülüb” deyə zənn edilməsin, bir zamanlar Cəmil Həsənli sayaq üzdə Elçibəyin, faktiki olaraq, Əli Kərimlinin yardımçısı olanların Elçibəyə AXCP Rəyasət Heyətinin iclaslarında yer vermədiklərini görən, bilən, xatırlayan çox adam sağdır. Bu, mərhum Heydər Əliyevin keçmiş hakimiyyətin birinci şəxsinə göstərdiyi sayğı, bu da keçmiş hakimiyyətin keçmiş dövlət katibinin və keçmiş müşavirinin öz iqtidarlarının ikinci və üçüncü şəxsinə göstərdiyi nəzakət!
İki bacının bir eynəyi
Nəzakət göstəmək üçün daxilən kübar, daxilən kübar olmaq üçün səmimiyyət lazım. Nə qədər ki siyasət var, cinahlar, kəsimlər var, transferlər də mütləq olacaq. Odur ki, müxalif səfinə iqtidardan, iqtidar düşərgəsindən müxalifətə keçid edən insanlara siyasi partiyaların könüllü ittifaq olması reallığından yanaşmaq lazım. Sadəcə, bu keçidin cəmiyyət üçün bir açıqlaması olmalı, insanlar bu açıqlamanın səmimiyyətinə şübhə etməməlidir. Milli Şuranın 12 oktyabr aksiyasında Gültəkin Hacıbəylinin məhz səmimiyyət sərgiləyib özü ilə bağlı yaranan suallara aydınlıq gətirməsi maraqlı olardı. Amma Flora Kərimovadan sonra müxalif tribunaya ikinci qara eynək sahibi kimi çıxan bu xanım Gözəl Bayramlının “intellektual bacılığı” olmağı, psevdo-didaktik moizə oxumağı seçdi- səbəb səmimiyyət çatışmazlığı sindromu idi.
O aksiyada isə səmimi adamlar vardı. Ancaq daha çox səmimi olanlar, daha çox marginal olanlar idi. Marginallaşmış AXCP-nin tanıtım siması Gözəl Bayramlıdır.
Yadımdadır, bir zamanlar AXCP-nin qərargahına, daha doğrusu "Azadlıq" qəzetinin redaksiyasına bir dəstə kor gələrdi. AXCP-nin Nərimanov şöbəsinin üzvü olan o korların qarşısında hər zaman eyni bölmənin fəalı Gözəl Bayramlını görərdim, Gözdən əlil bu adamlara acıdığımdan üzlərinə çox baxmazdım. Elə bu səbəbdən uzun zaman elə bilmişdim ki, Gözəl Bayramlı da kordur. Sonra bir gün agah oldum ki, Gözəl Bayramlı kor deyil, amma ona acımaq hissim keçmədi. Bir gün Gözəl Bayramlı AXCP sədrinin müavini oldu, guya kareyrasında sıçrayış etdi, ötən parlament seçimlərində efirdən, o günsə tribunadan nifrət və qəzəb püskürdü. Bir daha inandım ki, Gözəl Bayramlı kordur, ancaq bu dəfə ona acımadım.
Acımadım ona görə ki, onun gözündə Gültəkin Hacıbəyli kimi bahalı qara eynək olmasa da, hər ikisi Azərbaycana eyni gözlə və eyni gözlükdən baxırdılar.
Rüstəm İbrahimbəyovdan da səs çıxmadı
Bu arada Milli Şuranın mitinqində gözədəyməyən, yada düşməyən, iştirakçılara və çıxışçılara salam göndərməyə belə lüzum görməyən bir adam vardı- Rüstəm İbrahimbəyov. Rüstəm İbrahimbəyovun Milli Şuranı yaratmaq üçün çıxardığı hoqqaları, az sonra Cəmil Həsənlini güdaza vermək niyyəti ilə qurulan oyunları xatırlatmağa ehtiyac yoxdur. Ancaq sonda, lap sonda onu yada salmağa gərək var ki, Milli Şura yaranan vaxt Rüstəm İbrahimbəyovla Müsavat arasında bir “qırmızı cizgi” mübahisə mövzusu idi. Müsavatçıların Qərbyönümlü təkliflərini Rüstəm İbrahimbəyov Rusiyanın qıcığına səbəb olar deyə Milli Şuranın təsis sənədlərində əks olunmasına qarşı çıxır və AXCP onun bu mövqeyini dəstəkləyirdi. Elə bu səbəbdən də “Məhsul”dar cəbhəçilərə “Avropa Birliyi yox, ingilis bayrağı daha çox yaraşardı.