Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə də daxil olmaqla, üçüncü ölkələrin Dağlıq Qarabağ ətrafındakı vəziyyətin tənzimlənməsi ilə bağlı danışıqlara cəlb edilməsinin yalnız Ermənistan və Azərbaycanın razılığı ilə mümkün olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidentinin rəsmi nümayəndəsi bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Üçüncü ölkələrin mövcud həll formatında iştirakına gəldikdə, bu, tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bunlar iki tərəfdir - Azərbaycan və Ermənistan”, - Peskov bildirib.
Onun sözlərinə görə, nizamlanmada iştirak etmək, vasitəçi olmaq yalnız hər iki tərəfin razılığı ilə mümkündür.
Peskov münaqişə zonasında atəşkəsin hələ də yerinə yetirilmədiyini söyləyib: “İndiyə qədər atəşkəs və humanitar fasilə barədə əvvəllər əldə olunmuş razılaşmalara əməl olunduğunu söyləmək olmaz”.