İranın neft naziri Bijən Zəngənə, Milli Neft Şirkəti və daha bir neçə rəsmi şəxsə qarşı sanksiya tətbiq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.
Bəyanatda bildirilib ki, sanksiyaya məruz qalan İranın hüquqi və fiziki şəxsləri SEPAH-ın “Qüds” Briqadası ilə əməkdaşlıqda və ona maliyyə dəstəyi verməkdə ittiham olunur.
Maliyyə naziri Stiven Mnuçinə görə, İran rejimi neft-qaz gəlirlərini “Qüds” Briqadasının regionda sabitliyi pozmaq üçün apardığı dağıdıcı fəaliyyətinə yönəldir.
Mnuçin həmçinin bildirib ki, SEPAH-ın komandanlarından biri olan İranın keçmiş neft naziri Rüstəm Qasımi, eləcə də digər iranlı rəsmilər - Əli Əkbər Pur İbrahim və Mahmud Mədənipura da sanksiya tətbiq edilib.
Qeyd olub ki, ABŞ-ın terrorizmlə mübarizə qanunu əsasında barəsində sanksiya qoyulmuş həmin şəxs və qurumların Amerikadakı əmlak və bank hesabları dondurulacaq və Amerika vətəndaşlarının həmin şəxs və qurumlarla ticarət əlaqələrinə qadağa qoyulacaq.