1918-ci ildə dünyada başlayan qrip epidemiyasının (İnfluenza) təfərrüatları haqqında məlumat verən amerikalı mütəxəssislər “1918-ci il Qripi”nin ikinci dalğasına qarşı mübarizədə anti-koronavirus tədbirlərindən istifadəni məsləhət görüblər.
Teleqraf.com xəbər verir ki, qrip virusunun mutasiyası, virusun soyuq havada daha uzun müddət qalması, qış aylarında burun membranlarının quruması və infeksiyaya həssas olması “1918-ci il qripi” epidemiyasının ikinci dalğasını daha ölümcül edən səbəblərdəndir.
“1918-ci il qripi” epidemiyası 1918-ci ilin yaz aylarından 1919-cu ilin qışına qədər üç dalğada baş verdi, dünyada təxminən 50 milyon insanın ölümünə səbəb oldu.
Mütəxəssislər COVID-19 infeksiyasının bu qışda artacağını gözləyirlər. Çünki COVID-19-a səbəb olan virus koronavirus ailəsindən gəlir və digər koronavirus növləri qış aylarında daha çox yayılır. Qışda virus daşıyan hissəciklər soyuq və nəmli havada daha çox qala bilər. Buna əlavə olaraq, qış aylarında burun membranları daha çox quruyur və infeksiyaya qarşı daha həssas olur. Eyni zamanda, qış aylarında zəif ventilyasiya olan qapalı məkanlarda insanların kollektiv şəkildə qalması ikinci dalğanın təhlükəli olmasının səbəblərindən biridir.
Amerikalı həkim Ceremi Braun qeyd edir ki, COVID-19 pandemiyası hələlik “1918-ci il qripi” epidemiyası qədər can almayıb: “1918-ci ildə yayılan virus təkcə ABŞ-da 675 min insanın həyatına son qoydu. Əlbəttə hələlik belə bir rəqəm yoxdur, bu xoş xəbətdir. Amma hələlik bu qorxunc nağıl bitməyib”.