Bazar günü Moldovada keçirilən prezident seçkisində bülletenlərin 99%-dən çoxu emal olunduqdan sonra keçmiş baş nazir, “Hərəkət və Həmrəylik” partiyasından prezidentliyə namizəd Mayya Sandunun 35,61% səs topladığı məlum olub.
Teleqraf.com xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı dövlət başçısı İqor Dodon isə səslərin 33,01%-nə sahibdir.
Üçüncü yerdə ölkənin ikinci böyük şəhəri – Beltsının meri, “Bizim partiya”nın namizədi Renato Usato qərarlaşıb. O, səslərin 16,98%-ni toplayıb. “Şor” partiyasından namizəd Violeta İvanova 6,57 faiz seçici səsi qazanıb. Digər namizədlər 5%-dən az səs toplayıb.
Qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası ölkədəki bütün seçki məntəqələrindən protokolları emal edib. Hazırda ABŞ və Kanadadakı səsvermənin nəticələri gözlənilir. Xaricdəki seçki məntəqələrində də M.Sandu liderdir, İ.Dodon isə yalnız üçüncü yeri tutub.
Bundan əvvəl İ.Dodon “TASS”a seçkilərin ikinci turunun olacağını bildirmişdi, çünki namizədin qalib olması üçün 50+1% səs alması lazımdır. Moldovanın seçki qanunvericiliyinə görə, ikinci tur noyabrın 15-də baş tutmalıdır.
Mayya Sandunun ikinci turda qalib gəlməsi Moldova tarixində ilk dəfə qadının prezident seçilməsi demək olacaq.