“Co Bayden ABŞ prezidenti seçiləcəyi halda vəzifəsinin icrasına gələn il yanvarın 20-dən başlayacaq, odur ki, bu halda həmin vaxtadək işlərimizi tamamlamalıyıq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert ABŞ-da keçiriləcək prezident seçkiləri ətrafında yaranmış situasiyaya diqqət çəkib:
“Bu gün ABŞ-da növbəti prezident seçkiləridir. İndi hamını maraqlandıran sual budur ki, kim seçiləcək – Tramp, yoxsa Bayden? ABŞ seçkiləri haqda proqnoz vermək çox çətindir, xüsusilə belə namizədlər iştirak edəndə. Pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadları nəzərə almasaq, 2016-cı il seçkiləri ilə oxşarlıq çoxdur.
Bir çoxları Donald Trampın 4 illik hakimiyyəti dövründə ölkədə irqçi tendensiyaların artmasını və bu amilin də seçkiyə təsir edəcəyini iddia edirlər. Hərçənd ABŞ-da irqçilik hər zaman olub, sadəcə Trampın populizmi onu gizli formadan açıq müzakirəyə çıxardı. Hələ 2016-cı il seçkiləri ərəfəsində də demokratlar Trampı daim irqçilikdə ittiham edirdilər. Odur ki, məncə, bu məsələdə də hansısa yenilik yoxdur.
Başqa bir yenilik kimi son illər ABŞ cəmiyyətinin ifrat qütbləşməsi göstərilir. Daha dəqiq desək, siyasi fəal kəsimin. Əslində belə qütbləşmə də yeni deyil və ABŞ siyasətində hər zaman olub”.
Ərəstun Oruclu seçkilərdə yenidən sürprizin olacağını istisna etməyib:
“2016-cı il prezident seçkiləri ərəfəsində keçirilən rəy sorğuları Donald Trampın seçilmək şansının cüzi olduğunu göstərirdi. Amma gördüyümüz kimi bu gün prezident Tramp ikinci müddətə seçilmək uğrunda mübarizə aparır və onun qalib gələcəyini, yaxud məğlub olacağını heç kəs əminliklə deyə bilməz. Ən dəqiq məlumat cəmi bir sutkadan sonra məlum olacaq. Hər bir halda, onun təkrar seçilmək şansı az deyil.
Bəs Azərbaycan üçün kimin seçilməsi daha əlverişlidir? Cavab 2×2 qədər sadədir: Ağ Evdə kimin əyləşməsindən asılı olmayaraq Amerika maraqları hər bir halda prioritet olacaq. Bizim üçün indiki mərhələdə demokrat prezident daha az əlverişlidir. Bunu Baydenin Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarından da, Nümayəndələr Palatasındakı demokrat çoxluğun qəbul etdiyi və hazırda gündəliyə təklif etdiyi qətnamə layihələrindən də açıq-aydın görürük.
Amma hətta Bayden prezident seçiləcəyi halda belə vəzifəsinin icrasına gələn il yanvarın 20-dən başlayacaq. Həmin vaxtadək işlərimizi tamamlamalıyıq”.