7 Noyabr 2020 16:05
2 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ABŞ-da keçirilən seçkilərdə üstün mövqedə olan Co Baydeni İranla bağlı bütün öhdəliklərinə qayıtmağa çağırdı.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

ABŞ-ın hazırkı Prezidenti Donald Trump dövründə tətbiq olunan sanksiyaları “iqtisadi terror” adlandıran Ruhani Amerikanın təzyiqlərinə qarşı səbir, müqavimət və beynəlxalq hüququ seçdiklərini söyləyib.

ABŞ-da fəaliyyətə başlayacaq yeni rəhbərliyin Tramp dövründə İrana qarşı tətbiq olunan siyasətdən imtina edəcəyinə ümid bəsləyən Ruhani bildirib:

“Ümid edirik ki, sanksiya tətbiq edənlər seçdikləri yolun doğru olmadığını, hədəflərinə heç bir şəkildə çatmayacaqlarını və bu üç il ərzindəki təcrübənin onlar üçün bir dərs olacağını başa düşəcəklər. Gələcək ABŞ hökuməti qanuna tabe olmalı və bütün öhdəliklərinə qayıtmalıdır”.

Tramp rəhbərliyi 2018-ci ildə İranla qlobal güclər arasında imzalanan nüvə anlaşmasından çıxmış və Tehrana qarşı birtərəfli sanksiyalar tətbiq etməyə başlamışdı.

İran Prezidenti Ruhani keçən ay etdiyi bir çıxışında ölkəsinə sanksiyalar səbəbiylə 150 ​​milyard dollar ziyan vurulduğunu elan etmişdi.

ABŞ-dakı seçkilərdə lider mövqeyində olan Co Bayden qalib gəlsə, vitse-prezident olarkən İranla imzalanan nüvə anlaşmasına dönəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər