Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda təşkil etdiyi mətbuat konfransında əhəmiyyətli açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, nazir Rusiya və Türkiyə arasında Dağlıq Qarabağla bağlı əldə edilmiş anlaşmaya diqqət çəkib.
“Rusiya ilə atəşkəsə riayət etmək barədə razılığa gəldik. Akar və Şoyqu dünən sənədi imzaladılar. Təfərrüatlar barədə Rusiyadan gələn nümayəndə heyəti ilə danışacağıq. Bu mərkəz Azərbaycan ərazisində, Azərbaycanın uyğun hesab etdiyi yerlərdə olacaq. Nəzarət və müşahidə mərkəzi əlbəttə ki, vacib funksiyaları yerinə yetirəcək. Konsensusu pozan davranışları aşkar edəcək”, - Çavuşoğlu bildirib.
Çavuşoğlu qeyd edib ki, lazım gələrsə, Qarabağla bağlı sənəd parlamentdə müzakirə olunacaq və qəbul ediləcək: “Liviya ilə bağlı məsələ parlamentdə müzakirə olundu və qəbul edildi. Bunun hüquqi ölçülərini parlamentlə qiymətləndiririk. Azərbaycana gəldikdə, düşünürəm ki, qazi Məclisimiz belə bir istəyi həvəslə dəstəkləyəcək”.
Onun sözlərinə görə, işğal olunmuş Azərbaycan torpaqlarının hamısı Azərbaycana veriləcək: “Bu razılaşmada Ermənistan rəhbərinin imzası varmı? Var. Ölkəni də birləşdirir. Əvvəllər atəşkəsi üç dəfə pozdular və əvəzini ödədilər, indi də pozacaqlarsa, bədəlini də ödəyəcəklər. Azərbaycan qan tökməyə həvəsli deyil”.