BMT-nin rəhbərliyi altında bir həftədir Tunisdə keçirilən Liviya Siyasi Dialoq Forumu keçid prosesini idarə edəcək adlarla bağlı fikir birliyi olmadığı üçün gələn həftə yenidən toplanılması qərarı ilə təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, BMT-nin Liviya Dəstək Missiyasının (UNSMIL) nümayəndəsi Stefaniya Uilyam iştirakçıların bir həftə sonra video konfrans formatında bir araya gələcəyini bildirib.
Uilyam qeyd edib ki, iştirakçılar icra hakimiyyəti orqanının seçimi barədə razılığa gəlmək üçün görüşəcəklər.
Məlumata görə, bir həftəlik forumda 2021-ci ilin sonunda keçiriləcək seçkilərə qədər keçid prosesini idarə edəcək adlar və icra mexanizmi ilə bağlı yekdil fikrə gəlinməyib. Uilyam bundan əvvəl forum iştirakçılarının keçid dövrünün 24 dekabr 2021-ci il tarixində keçiriləcək seçkilərlə sona çatması ilə razılaşdıqlarını açıqlayıb.
Danışıqlar zamanı Liviyanın üç bölgəsini təmsil edəcək üç üzvdən ibarət Prezident Şurasının əhatə dairəsi, vəzifələri və səlahiyyətləri barədə razılığa gəlindiyi bildirilib. Eynilə icra hakimiyyətini həyata keçirəcək hökumətin səlahiyyət və vəzifələri ilə bağlı anlaşmanın əldə edildiyi də deyilib.
Forumun bəzi iştirakçıların qanunsuz silahlı qüvvələrin müttəfiqi olan, Tobrukdakı parlamentin rəhbəri Aqil Salehin keçid prosesi dövründə Prezident Şurasına rəhbərlik edəcəyini israr etdiyi üçün prosesdən kənarlaşdırıldığı iddia edilib.