Peruda 6 günlük şiddətli etirazlardan sonra istefa verən Prezident Manuel Merinonun yerinə müvəqqəti olaraq Fransisko Saqasti keçib.
Teleqraf.com xəbər verir ki, Saqasti iki nəfərin öldüyü və 100-dən çox insanın yaralandığı etirazlardan sonra Konqresin təzyiqi ilə istefaya gedən Merinonun ardınca yeganə namizəd kimi qatıldığı seçkilərdə 60 səs alaraq Peru Konqresi tərəfindən ölkənin yeni müvəqqəti prezidenti seçilib.
28 iyul 2021-ci il tarixinədək dövlət başçısı postunu tutacaq Saqasti 2016-cı ildən bəri ölkənin dördüncü prezident olub.
Təcrübəli bir tədqiqatçı olan 76 yaşlı sənaye mühəndisi Saqasti dünyanın aparıcı universitetlərində dərs deyib. İndiyədək müxtəlif səviyyələrdə bir çox vəzifələrdə çalışmış Saqasti Bənövşəyi Partiyanın (Partido Morado) dəvəti ilə 2019-cu il sentyabrın 30-da seçkilərdə iştirak edərək qalib gəlib. Yeni vəzifəsinədək konqresmen olub.
Həftənin əvvəlindən bu yana kabinetdəki 18 nazirdən 13-ü Merinodan vəzifədən getməsini tələb etmişdi.