Taliban Haqqani şəbəkəsinin təsisçisi Cəlaluddin Haqqaninin kiçik oğlu Anas Haqqaninin həbsinə görə, Amerikanı ittiham edib.
Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Taliban Anas Haqqaninin Əfqanıstan təhlükəsizlik orqanları tərəfindən həbs edilməsinin yanlış məlumat olduğunu deyib. Taliban hesab edir ki, Haqqani Amerikanın Bəhreyndəki qüvvələri tərəfindən həbs edilərək Qətərə göndərilib. Oradan isə Əfqanıstana təhvil verilib.
Universitetin sonuncu kurs tələbəsi olan Anas Haqqani ifadəsində onun Talibanla heç bir əlaqəsi olmadığını bildirib. O deyib ki, Qətərə Quantanamo həbsxanasından yenicə azad edilən qohumları ilə görüşmək üçün gedib.
Əfqanıstanın Milli Təhlükəsizlik Nazirliyi isə Anas Haqqaninin islamçıların əməliyyat və strateji qərarlarında birbaşa istirak etdiyini deyib.
Qeyd edək ki, Əl-Qaidə ilə əlaqəsi olan Haqqani şəbəkəsi Pakistanın sərhəd Şimali Vəziristanda NATO və əfqan mövqelərinə qarşı hücumlara görə ittiham edilir.