Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə 21-22 noyabr tarixində Səudiyyə Ərəbistanı Krallığının ev sahibliyi edəcəyi G20 Liderlər Sammiti və iki ölkə arasındakı münasibətlər müzakirə edilib.
Prezident Ərdoğan və Kral Salman ikitərəfli münasibətləri yaxşılaşdırmaq və problemləri həll etmək üçün dialoq kanallarını açıq saxlamağa razılaşıb.
Səudiyyə Ərəbistanının keçirəcəyi sammitə Türkiyə ilə yanaşı, Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya və Avropa İttifaqı Komissiyası da qatılacaq.
Rəsmi açıqlamalara görə, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə iki günlük virtual zirvədə qlobal iqtisadiyyatın və bazarların yaxşılaşdırılması ilə yanaşı, beynəlxalq ticarətin gücləndirilməsi məsələlərinə baxılması planlaşdırılır.
Əlavə edək ki, son aylarda Türkiyə və Səudiyyə Ərəbistanı münasibətlərdə gərginlik yaşanır. Səudiyyədə Türkiyə malları qeyri-rəsmi şəkildə boykot edilir.