Status-kvoda dəyişiklik Dnestryanıda sabitliyin pozulmasına səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun Rusiya hərbçilərinin bölgədən çıxarılmasının zəruriliyi barədə bəyanatını şərh edərkən belə deyib.
“Rusiya çox vacib funksiya yerinə yetirir və beynəlxalq hüququn ruhuna söykənən status-kvoda hər hansı dəyişiklik, əlbəttə, ciddi destabilizasiyaya gətirib çıxara bilər. Biz bütün bunların müzakirə ediləcəyini və bu planda hansısa kəskin hərəkətlərdən qaçılacağıanı gözləyirik”, – deyə Vladimir Putinin mətbuat katibi bildirib.
Peskov, həmçinin Moldova və Rusiyanın Dnestryanıdan sülhməramlıların geri çəkilməsi təklifini əvvəllər müzakirə etmədiklərini də vurğulayıb: “Dodon (Moldovanın hazırkı prezidenti) ilə dialoq indi də davam edir, lakin o bu planda daha konstruktiv idi. Biz bu konstruktivizmin davam edəcəyini, bu planda müəyyən bir davamlılığın olacağını və hər hansı kəskin addımın bütün mümkün mənfi nəticələrinin nəzərə alınacağını zənn edirik”.
Qeyd edək ki, prezident seçkilərində qalib gəldikdən sonrakı ilk mətbuat konfransında Maya Sandu Rusiya ilə sülhməramlı qüvvələrin Dnestryanıdan çıxarılması barədə Moskva ilə müzakirə aparmağı planlaşdırdığını bildirib. Onun fikrincə, bu missiya ATƏT himayəsi altında mülki missiyaya çevrilməlidir.