1 Dekabr 2020 12:33
5 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada jurnalistlərə, miqrantlara və nümayişçilərə qarşı polis şiddətinə cavab verməməsi və polisi təşviq etdiyi üçün tənqid olunan daxili işlər naziri Cerald Darmanin fransız mediasında “ölkədəki nizamsızlığın əsas faktoru” olaraq xarakterizə edilib.

Teleqraf.com xəbər verir ki, “Mediapart”ın rəhbəri Edvi Plenel nazirin polis zorakılığından xəbərsiz olduğu iddiasının həqiqəti əks etdirmədiyini söyləyib.

Plenel Darmaninin polis zorakılığından media vasitəsilə xəbər tutduğunu, amma buna görə heç kimi işdən çıxarmadığını bildirib.

Plenelin sözlərinə görə, Darmanin Fransadakı şiddət və xaosa məsul olan şəxs kimi istefa verməlidir: “Daxili işlər naziri Darmanin hökumət və ölkədəki nizamsızlığın əsas amilidir”.

Plenel Darmaninin Fransa hökumətdəki zəifliyin bir simvolu olduğunu deyib: “Prezident Emmanuel Makron Darmanini radikal sağla mübarizə aparmaq üçün təyin etdi, ancaq Darmanin hökumətin içindəki radikalların əsas təcəssümünə çevrildi”.

Sosial media və Fransa mətbuatında nazirin hüquq-mühafizə orqanlarının insanlara qarşı tətbiq etdiyi şiddəti görməməzlikdən gəldiyi, polis və jandarmanı zorakılığa təhrik etdiyi ilə bağlı tənqidlər səsləndirilir. İrqçi təlimatları Prezident Makrondan aldığına dair ittihamlar irəli sürülür.

Fransız politoloq Klement Viktoroviç Darmaninin baş verənlərə adekvat davranmadığını, hökumətin bir nümayəndəsi olaraq ölkədəki nizamsızlıq və zorakılıqdan məsuliyyət daşıdığını bildirib.

Viktoroviç sosial mediada yayımlanan videolarda polisin açıq şəkildə irqçi cinayətlər törətdiyinin əks olunduğunu söyləyib.

Darmanin qaçqın düşərgəsinin boşaldılmasında qeyri-mütənasib güc tətbiqi, afrikalı musiqi prodüseri Mişel Zexlerin polis tərəfindən döyülməsi və polisin nümayişlərə sərt müdaxiləsi ilə bağlı parlamentin Hüquq Komissiyası qarşısında sualları cavablandırıb. Şiddətin tətbiq olunduğunu etiraf edən Darmanin vəzifələrinə xəyanət edənlərin işdən qovulmasının lazım olduğunu söyləyib.

Bununla belə o, rəhbərlik etdiyi hüquq-mühafizə sistemini yox, digər təhlükəsizlik strukturlarını günahlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər