“Moskva yeni rəhbərliyin gəlişi ilə Vaşinqtonun digər beynəlxalq oyunçuların qanuni maraqları ilə hesablaşacağına inanır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“Prezident Putinin dediyi kimi, bütün bunları sakit və operativ şəkildə təhlil edirik, Amerika xalqının istənilən qərarını qəbul edəcəyik və istənilən hökumətlə işləyəcəyik. Əlbəttə, yalnız dürüstlük, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri üzərində. Bu baxımdan, Vaşinqtonun nəhayət Rusiya və Qazaxıstan da daxil olmaqla digər beynəlxalq oyunçuların və onların inteqrasiya birliklərinin qanuni maraqları ilə hesablaşmağa başlayacağını gözləmək hüququmuz var”, - nazir bildirib.
Eyni zamanda, Lavrov rəsmi nəticələr açıqlanmadan əvvəl ABŞ seçkilərinin beynəlxalq münasibətlər üçün nəticələrini müzakirə etməyin tez olduğunu vurğulayıb:
“Bu, bizim prinsipial mövqeyimizdir. Təbii ki, Atlantikin o tayında baş verənləri diqqətlə izləyirik, hadisələrin hər cür inkişafına hazırıq. Co Baydenin açıqlamalarına görə, qalib gəlsə, ABŞ-ın xarici siyasətinin Barak Obamanın bir zamanlar təbliğ etdiyi prinsiplərə daha çox uyğun gələcəyini düşünmək olar”.