1 Dekabr 2020 15:00
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiya Şurası beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev Moldovanın yeni Prezidenti Maya Sandunun işğal altındakı Dnestryanı bölgə ilə bağlı açıqlamasına cavab verib.

Teleqraf.com xəbər verir ki, Kosaçev xanım Sandunun məlum açıqlamasının Dnestryanı bölgədəki durumun həllinə yönəlmədiyini bildirib.

Sandu Dnestryanı bölgənin Rusiyanın “Qazprom” şirkətinə olan borcunu haqsızlıq adlandırıb. Onun sözlərinə görə, rəsmi Kişinyov Dnestryanı sakinlərinin istifadə etdiyi və onun nəzarəti altında olmayan qaza görə Rusiyaya pul ödəməməlidir.

Dövlət Duması Sandunun Rusiyaya qaz borcunu tanımaqdan imtina etməsinə qəzəblənib. Kosçev Sandunu qeyri-peşəkarlıqda ittiham edib: “Xanım Sandu əks təşəbbüslə, yəni Dnestryanı da daxil olmaqla, Moldova dövlətinin bütün xərclərinin ödənilməsini üzərinə götürsəydi, Moldovanın ərazi bütövlüyünü bərpa etmək üçün ölçüyəgəlməyən çox işlər görərdi”.

Rus siyasətçiyə görə, Maya Sandu borcları ödəməkdən imtinasıyla Dnestryanı sakinlərini öz vətəndaşı hesab etmədiyini təsdiqləyir.

Maya Sandu bundan əvvəl Dnestryanı bölgədəki Rusiya qoşunlarının çıxarılmasını tələb edib. Onun sözlərinə görə, bölgəyə Rusiya sülhməramlılarının əvəzinə ATƏT-in himayəsində olan mülki müşahidəçilər yerləşdirilməlidir.

Moldova başçısına cavab verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov status-kvonun dəyişməsinin Dnestryanı bölgədəki sabitliyin pozulmasına səbəb ola biləcəyini, Rusiyanın sülhməramlılar mövzusunu müzakirə edəcəyini bildirib.

Sakinlərinin 60 faizi rus və ukraynalılar olan Dnestryanı bölgə SSRİ-nin dağılmasından sonra özlərini “müstəqil” elan edən separatçıların nəzarəti altındadır. Denestryanı bölgəyə Rusiya sülhməramlıları nəzarət edir.

Bölgə BMT tərəfindən Moldova ərazisi kimi tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər