“Sui-qəsdin yeri təxmin edilmişdi. Bir az diqqət və qoruma protokollarını yerinə yetirərək, bu cinayətin qarşısını ala bilərdik”.
Teleqraf.com xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbi nüvə alimi Möhsün Fəxrizadənin öldürüldüyü hücumla əlaqədar olaraq deyib.
Fəxrizadə sui-qəsdinin İranın siyasi strategiyalarını və regional təhlükəsizliyi pozmaq məqsədi daşıdığını söyləyən Rəbi müdafiə sənayesi və nüvə sahəsindəki fəaliyyətlərindən əl çəkməyəcəklərini vurğulayıb:
“Xarici mətbuatda nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı yayılan məlumatların əksinə olaraq, terror və casusluq təşkilatları nəzarətimizdə idi. Sui-qəsdin yeri təxmin edilmişdi. Bir az diqqət və qoruma protokollarına əməl edərək bu cinayətin qarşısını ala bilərdik”.
İranın vaxtı gələndə sui-qəsdə qəti cavab verəcəyini təkrarlayan Rəbi təhlükəsizlik orqanlarının cinayətkarları yaxalamaq üçün fəaliyyətlərini davam etdiyini deyib.