2 Dekabr 2020 11:45
2 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Oruc Rəis” gəmisi Dəmrədəki fəaliyyətlərini tamamlayaraq Antalya Limanına qayıtdıqdan sonra Aralıq dənizinin şərqindəki durumla bağlı verilən gərgin açıqlamalar yerini müsbət mesajlara buraxıb.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı ilk açıqlama Almaniya Kansleri Angela Merkeldən gəlib.

10-11 dekabr tarixlərində keçiriləcək Avropa İttifaqı Liderlər Sammitindən əvvəl Merkel Türkiyənin bu addımına cavab olaraq, “Oruc Rəis”in Türkiyə limanına qayıtması zirvədən əvvəl yaxşı bir xəbərdir” deyib.

Türkiyənin çox sayda qaçqın qəbul etməsi səbəbindən hörmətə layiq olduğunu bildirən Merkel bununla belə, Yunanıstan və Yunan Kipri ilə həmrəy olduqlarını da dilə gətirib.

NATO Baş katibi Yens Stoltenberq isə baş verənlər haqda belə deyib: “Bu, gərginliyi azaltmağa və fikir ayrılıqlarını aradan qaldırmaq məsələlərində irəliləməyə kömək edəcək”.

Gəminin limana qayıtması ilə Yunanıstanın barışmaq üçün ən güclü bəhanəsi ortadan qaldırılıb. Ancaq Aralıq dənizinin şərqində Türkiyə ilə əməkdaşlıq etmək istəməyən Yunanıstan və Yunan Kipri bu dəfə Kipr Türk Cümhuriyyətindəki Maraşla əlaqədar gərginliyi artırmağa çalışır.

Yunan lobbisinin Maraşın açılması məsələsini Aİ Liderlər Sammitinin gündəminə salmağa çalışdıqları bildirilib. Lakin zirvə toplantısında Türkiyəyə qarşı iqtisadi sanksiya qərarı verilməyəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu