Vyana Məhkəməsi keçmiş Avstriya maliyyə naziri Karl-Hayns Qrasser dövlətə məxsus "BUWOG" şirkətinin mənzil fondunun özəlləşdirilməsi məsələlərində korrupsiya iddiası ilə bağlı 8 il həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avstriya mətbuat agentliyi məlumat verib.
Hakimlər sabiq naziri vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəzifəsində çalışarkən hədiyyələr almaq və sübutları saxtalaşdırmaqda günahkar hesab ediblər.
Bildirilir ki, məhkəmə prosesi 2017-ci ildə başlayıb. Prokurorluq Qrasserə 2004-cü ildə dövlət mənzil şirkətinin 60.000 mənzilinin özəlləşdirilməsi üçün keçirilən tenderdə iştirak etmiş üç şirkətin konsorsiumuna daxili məlumatları açıqladığı üçün rüşvət almaqda günahlandırıb. Saxtakarlıq nəticəsində konsorsium bazardakı rəqibindən və tenderdə qalib gəlmək üçün əsas iddiaçı olan "CA Immo" şirkətindən 1,2 milyon avro çox təklif etdikdən sonra dövlətə məxsus şirkətin mənzil fondunu əldə etmək müqaviləsini ala bilib ("CA İmmo"nun 960 milyon avro məbləğinə qarşı "Immofinanz"ın rəhbərlik etdiyi konsorsiumun 961,2 milyon avrosu). İddiaya görə Qrass bu qeyri qanuni razılaşmadan 9,6 milyon avro vəsait alıb.
Cinayət işi ilə bağlı daha bir neçə biznesmen ortaqlar təqsirli bilinib. Məhkəmənin hökmü hələ qüvvəyə minməyib. Qrasserin vəkilləri dövlətə alınan 9,6 milyon avro məbləğinin ödənilməsini nəzərdə tutan apellyasiya şikayəti vermək niyyətindədir.