Misir Prezidenti Əbdülfəttah əs-Sisinin rəsmi səfərə gəldiyi Fransada Yelisey Sarayında bu ölkənin ən ali mükafatı “Fəxri Legion” medalına layiq görüldüyü, bunun fransız mətbuatından gizlədildiyi ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, mətbuatdan gizlədilən görüntülər “Quotidien” telekanalının Misir prezidentinin rəsmi saytında yayımlanan videonu paylaşmasından sonra bəlli olub.
Kadrlarda Sisini fransalı həmkarı Emmanuel Makronun qırmızı xalıda qəbul etməsi və şərəfinə təşkil etdiyi rəsmi mərasim əks olunub.
Makronun mətbuata verdiyi rəsmi proqramına daxil olmayan mərasimin görüntülərinin yalnız Sisinin operatoru tərəfindən lentə alındığı bildirilib:
“İlk dəfə Yeliseydəki hadisələr haqqında bir avtoritar rejimin saytından məlumat aldıq”.
Telekanalın məlumatında fransızlardan gizlədilən görüşdə Sisiyə Fransanın ən ali mükafatı “Fəxri Legion” medalının verildiyi deyilib.
Fransa Prezidenti Makron həmkarı Sisini dekabrın 7-də Yelisey Sarayında qəbul edib.
Beynəlxalq ictimaiyyət və insan haqları müdafiəçiləri “Fransada Sisi kimi bir diktatorun qarşılanması”na reaksiya göstəriblər. Səfərdən sonra bir çox beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin, Avropa Birliyi parlamentarilərinin və Fransanın müxalifət deputatlarının iştirakı ilə Fransa parlamentinin qarşısında etiraz aksiyası keçirilib.