Somali daxili işlərinə qarışmaqda və ərazi bütövlüyünü pozmaqda günahlandırdığı qonşusu Keniya ilə bütün diplomatik əlaqələrini kəsib.
Teleqraf.com xəbər verir ki, Somalinin rabitə naziri Osman Dube dövlət televiziyasında hökumətin Keniyadakı bütün diplomatlarına geri dönməsi əmrini və diplomatların bu ölkədən çıxmasına 7 gün vaxt verdiyini açıqlayıb.
“Somali bu qərarı daxili işlərinə təkəbbürlü müdaxilədən sonra verib. Mövcud Keniya rəhbərliyi hər zaman Somalidə problem yaratmaq istəyir”, - nazir qeyd edib.
Qərar Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland Prezidenti Musa Bihi Abdinin dünən Keniya Prezidenti Uhuru Kenyatta ilə görüşməsindən sonra verilib.
Somali federal hökuməti Keniyanı Somalinin daxili işlərinə qarışmaqda günahlandıraraq, keçən ay Nairobidəki səfirini geri çağırıb və Keniyanın Moqadişudakı səfirindən ölkəsinə dönməsini tələb edib.
Keniya və Somali arasındakı münasibətlər Hind okeanındakı zəngin neft və qaz yataqları bölgəsindəki mübahisədən sonra pisləşib.
Rəsmi Moqadişu Keniyanı Somalinin bəzi əyalətlərində siyasi məsələlərdə iştirak etməkdə də günahlandırır.