Livan Prezidenti Mişel Aun yeni hökumət qurma səlahiyyəti verdiyi Səəd Həririyə xristian nazirlərin təyin edilməsi məsələsində təkbaşına qərar verməsi səbəbindən etiraz edib.
Teleqraf.com-un məlumatına görə, prezidentin ofisindən verilən açıqlamada Mişel Aunun etirazının nazirliklərin bölüşdürülməsinin məzhəb-etnik metoduna əsaslandığı, təklif olunan adlarla bağlı fikir mübadiləsinin aparılmadığı bildirilib.
Həririnin təqdim etdiyi son hökumət siyahısının Aunla əvvəlki məsləhətləşmələrə uyğun olmadığı qeyd edilən açıqlamada Prezident Aunun heç vaxt nazirlik üçün adlar təklif etmədiyi və hökuməti quracaq baş nazirə ad siyahısı vermədiyi vurğulanıb.
Həririnin ofisindın verilən açıqlamada isə onun ikinci görüşdə Aundan bir siyahı aldığı, bu siyahıdan 4 xristianın nazir namizəd olaraq müəyyən olunduğu və prezidentin açıqlamasında deyildiyi kimi, sözügedən nazirlərin seçilməsində təkbaşına hərəkət etmədiyi qeyd edilib.
Açıqlamada Həririnin yeni hökumətin qurulması üçün Aunla on iki dəfə görüşdüyü və prezidentin ona təzyiq edən partiyaların maraqlarını kənara qoyaraq hökumətin qurulmasına dair sənədi imzalayacağı xatırladılıb.
Ötən həftə Həririnin Prezident Mişel Auna təqdim etdiyi son kabinet siyahısındakı 18 nazirin texnokratlardan ibarət olduğu və siyasi fiqurlar olmadığı söylənilib.
Həriri və Aun arasında yeni hökumətin qurulması ilə bağlı məsləhətləşmələr ötən ilin noyabr ayından aparılır.
Livan konstitusiyasına görə, ölkə hökuməti müsəlman və xristianlar arasında bərabər bölüşdürülür. Konstitusiyaya görə, prezident xristianlardan, baş nazir sünnilərdən, parlament sədri şiələrdən seçilir.
Livanda fərqli dinlər və məzhəbləri üz-üzə qoyan vətəndaş müharibəsinə son vermiş 1989-cu il Taif müqaviləsinə görə, Livan parlamentində 128 yer müsəlman və xristianlar arasında bərabər bölünür.