Video əlavə olunub.
***
10:39
ABŞ-ın Rusiyadan “S-400” sistemlərinin alınmasını bəhanə edərək, elan etdiyi sanksiyalara Türkiyə də cavab verməyə hazırlaşır. ABŞ-ın sanksiya siyahısına müdafiə sənayesi naziri İsmayıl Dəmirlə yanaşı, onun köməkçisi Fərrux Yiğit, Hava Müdafiə və Kosmos İdarəsinin rəhbəri Sərhad Gəncoğlu və Mustafa Alpər Dəniz daxil edilib. Türkiyənin də ABŞ-ın bu sahələrdən məsul şəxslərinə qarşı sanksiyalar tətbiq edəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşr sanksiyaların iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərəcəyi halda, kritik addımların atıla biləcəyini vurğulayıb:
“Bu halda ABŞ-ın Türkiyədəki hərbi bazaları gündəmə gətiriləcək. Bunlar arasında Yaxın Şərqdəki proseslərdə kritik önəmə malik olan İncirlik bazası da var. Bu baza ABŞ Hərbi Hava Qüvvələri üçün bölgədə kilid rolunu oynayır. Bundan başqa, İzmirdəki başqa bir hava bazası ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı bölmələrinə bağlı olaraq fəaliyyət göstərir. Şilədə də ABŞ-ın beynəlxalq standartlar əsasında hazırlanmış raket bazası var.
Konya 3-cü Əsas Reaktiv Baza Komandanlığında NATO missiyası çərçivəsində “Awacs”lar dislokasiya edilib. Balıkəsir 9-cu Hava Reaktiv Bazasında 6 ədəd “Vault” adlı raket qurğusu var. ABŞ-ın Türkiyədə tez-tez istifadə etdiyi bazalardan biri də NATO-ya bağlı Kürəcik bazasıdır”.
Qəzet qeyd edib ki, Amerikanın Türkiyədəki bazaları ilk dəfə Kipr müharibəsindən sonra Vaşinqtondan silah embarqosunun tətbiq olunmasına cavab olaraq bağlanılıb. Türkiyə Amerikanın silah embarqosuna 1975-ci ilin iyul ayında o dönəmdə ölkədəki 21 ABŞ bazasını bağlayaraq cavab vermişdi.
ABŞ-dan sanksiyaların elan edilməsindən sonra açıqlama verən müdafiə naziri Hulusi Akara və müdafiə sənayesi naziri İsmayıl Dəmir buna cavab verəcəklərini demişdilər.