Rusiya Dövlət Dumasının deputatı, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ərzaq məhsullarının qiymətləri ilə bağlı problemi həll etmək üçün “həbs siyahıları” hazırlamağa başlamağı təklif edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi Teleqram kanalında “Qiymətləri tənzimləməyin ən yaxşı yolu həbs siyahıları hazırlamağa başlamaqdır” yazıb.
Onun sözlərinə görə, belə ölçü götürülməsi “qaydanın bərpasına” gətirib çıxaracaq.
Bununla belə parlamentari təşəbbüsün kimə qarşı istifadə ediləcəyini dəqiqləşdirməyib.
Bundan əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin hökumətin sosial əhəmiyyətli məhsulların bahalaşması ilə mübarizə üçün bütün lazımi qərarları və tədbirləri hazırladığını bildirib.
Daha öncə isə Rusiya Prezidenti Vladimir Putin bahalaşmanı qəbuledilməz adlandırıb və operativ reaksiya tələb edib.