17 Dekabr 2020 16:03
4 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici Kəşfiyyat Xidmətinin ilk dəfə məxfilikdən çıxarılan yeni arxiv materiallarına görə, nasistlər 1942-ci ildə nəyin bahasına olur-olsun, kimyəvi silahların köməyi ilə Üçüncü Reyx üçün kritik əhəmiyyət kəsb edən Qafqazdakı sovet neft sahələrini ələ keçirməyi planlaşdırırdılar.

Teleqraf.com xəbər verir ki, bu materiallar Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin yayımladığı sənədlərdə yer alıb.

Sənədlər arasında 14 may 1942-ci il tarixində sovet xarici kəşfiyyatının İsveçdəki “Kin” ləqəbli casusu sakini Boris Rıbkin tərəfindən Moskvaya göndərilən şifrəli teleqramı da var. Bu, nasistlərin 1942-ci ilin yayında Qafqaza hücum planlarına aid idi.

Rıbkin teleqramda yazır ki, almanlar Qafqazı ələ keçirmək üçün hər şeyi təhlükəyə atdılar. O, yanacaq çatışmazlığı səbəbindən alman ordusunun tamamilə sıradan çıxmaq riski qarşısında qaldığına da diqqət çəkir.

Şifrəli teleqramda qeyd edilir ki, Qafqaza qarşı əməliyyatların müvəffəqiyyəti müharibənin nəticəsini həll edəcək: “Buna görə də almanlar müvəffəqiyyət əldə etmək üçün istənilən vasitəyə əl atmaqdan çəkinməyəcəklər”.

Rıbkin Vexrmaxt qruplaşması komandanlığının artıq bölgəyə çox sayda qaz bombası, digər kimyəvi materiallar və xüsusi qoşun növü göndərmək qərarını verdiyini bildirir.

“Kin”in verdiyi xəbərə görə, Almaniya neft sahələrini itirdiyi zaman sovet ittifaqının məhv olacağını düşünür: “Buna görə almanlar artıq nəhəng anbarlar və çənlər, avadanlıqlar (qazma maşınları və s.) hazırlayıblar. Bundan əlavə, bütün mədən mühəndisləri yaşından asılı olmayaraq səfərbər edilib”.

Sovet casusu Qafqaza qarşı əməliyyatın nasistlərin havadan böyük bir eniş etdiyi Giritdəki kimi həyata keçirilməsinin planlaşdırıldığını bildirir:

“Almanların paraşüt qoşunları neft mənbələrini ələ keçirmək tapşırığı ilə hər bir neft sahəsinə atılmağı planlaşdırır”.

Rıbkin almanların Qafqazın neft sahələrinə Rostovdan hücuma keçməyi planlaşdırdıqlarını da iddia edir.

Qafqaza və ya Azərbaycana hücum 1942-ci ildə almanların apardıqları təbliğatın əsas hissəsini təşkil edirdi. Hitler Almaniyası Azərbaycan və ya Qafqazın neft sahələrini ələ keçirməklə özünə yanacaq mənbələri təmin etməklə yanaşı, Sovet İttifaqını da bu cür mənbələrdən məhrum etmək istəyirdi. Lakin “Qırmızı Ordu” almanları neftlə zəngin Qroznı və Bakıya buraxmağa qoymadı. Şiddətli müdafiə döyüşləri zamanı almanlar ağır zərbələr alaraq geri çəkildilər. Qafqaz və Stalinqrad uğrunda döyüşlər İkinci Dünya Müharibəsində köklü dönüş nöqtəsi yaratdı. Strateji təşəbbüs tədricən Sovet İttifaqına keçdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər