19 Dekabr 2020 09:05
6 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uğur Şahin və Özləm Türəci tanış olanda xərçəng xəstəliyinə əlac tapmağın xəyallarını qurmuşdular. Bu gün isə evlidirlər və Almaniyanın “BioNTech” firmasının qurucuları kimi tanınırlar. Təəssüf ki, hələlik xərçəngin müalicəsi yoxdur, amma araşdırmaları və aralarındakı məhəbbət koronavirus peyvəndi üçün yolları açıb.

Teleqraf.com xəbər verir ki, Uğur Şahin Türkiyədə doğulub, 1990-cı illərdə Almaniyaya – türklərin sıx yaşadığı Hamburqa köçüb.

Almaniyada xərçənglə bağlı araşdırmalara başlayan həkimlər bu amansız xəstəliyə əlac tapmağı qarşılarına əsas məqsəd qoymuşdular. 2001-ci ildə ilk şirkətləri – “Ganymed Pharmaceuticals GmbH”i qurub xərçəngin müalicəsi üçün antikor istehsal etməyə başladılar. Bu əsnada cütlük aralarındakı romantik əlaqələri elmi araşdırmaların qarşısına keçməsinə imkan vermədi. 2002-ci ildə evləndikləri gün toy mərasimi başa çatdıqdan sonra laboratoriyaya qayıdaraq, işlərinə davam etdilər.

2008-ci ildə Şahin və Türəci yeni bir biotexnologiya şirkəti olan “mRNA” adlandırılan və elm dünyasında səs-küy yaradan bir texnologiyaya fokuslanmağı planlaşdıran “BioNTech”i qurdular.

“BioNTech”in Nəzarət Şurasının rəhbəri Helmut Yeqql cütlük haqqında deyir: “Uğur uzaqgörənliyi ilə gedəcəyimiz yolu göstərir, Özləm də ora necə gedəcəyimizi söyləyir”.

Uğur Şahin yanvar ayında Çində koronavirusun aşkarlanmasından və qısa müddətdə pandemiyaya çevriləcəyindən bəhs edən bir araşdırma yazısı oxudu. O gündən xərçəng üçün üzərində araşdırma apardığı “mRNA” texnologiyasını bir kənara qoyaraq, yerini COVID-19 peyvəndi araşdırmalarına verdi.

Helmut Yeqql “Wall Street Journal”a verdiyi açıqlamda deyir: “Özümüzü itirmişdik, çünki əlimizdə böyük sərmayə yox idi, tamamilə xərçəng araşdırmalarına fokuslanmışdıq”.

Şahin Yeqqla bu virusun 1968-69-cu illərdə yayılan Honq-Konq virusuna bənzədiyini dedi. Bu virus dörd milyon insanın ölümünə səbəb olmuşdu. İki saat sonra Yeqqlı razı sala bildi.

“BioNTech” fəaliyyətini sürətləndirərək, həftənin yeddi gününü işləməyə başladı. Cəmi bir ay sonra ilk peyvəndin hazırlanması barədə sosial şəbəkələrdə fotolar yayıldı.

“BioNTech” bir qrip peyvəndi üzərində işləyirdi, beləliklə sürətlə koronavirus peyvəndinin hazırlanmasına başlanıldı. Aprel ayında peyvənd ilk dəfə insan üzərində sınaqdan keçirildi. Bu, Qərbdə təsdiqlənən ilk koronavirus peyvəndi oldu. Ancaq Şahin və Türəcinin fəaliyyətləri başa çatmamışdı. Cütlük həm də “mRNA”-dan istifadə edərək, xərçəngi müalicə etməyə çalışırdı. Bir çox elm adamları “mRNA”-nın xərçəngin müalicəsində istifadə olunmasına şübhəylə baxsa da, 11 kliniki sınaq davam edir.

Türk elm adamlarının hədəfi xərçəngə çarə tapmaqdır, hər nə qədər mümkünsüz kimi görünsə də...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər