Misir və İtaliya arasında italyan tədqiqatçı Culio Regeninin qətlinə dair qarşılıqlı ittihamlar böyüməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, Qahirə İtaliya Baş Prokurorluğunun qətldə Misirin gizli xidmətinin 4 əməkdaşının iştirakına dair ittihamına cavab verib.
Misirin hüquq-mühafizə orqanları bundan əvvəl İtaliyanın Qahirədəki Baş Konsulluğunun əməkdaşı olmuş 2 diplomatın təslim edilməsini tələb edib. Məlumata görə, diplomatlardan biri İtaliyanın Qahirədəki keçmiş konsulu Skakal Otakardır.
Məlumatda Otakarın Misirdə vəzifədə olduğu 2016-2018-ci illərdə 22 min tarixi əsərin oğurlanaraq İtaliyaya aparılması cinayətində iştirak etdiyi bildirilib. Artıq diplomat barəsində cinayət ili açıldığı, barəsində 15 il həbs cəzası, 66 min dollar pul cəriməsi verildiyi deyilib.
Romadan tələb olunan digər diplomat isə İtaliyanın Misirdəki səfirliyinin keçmiş əməkdaşı Massimiliano Spunzellidir.
Ötən həftə italiyalı prokurorlar 2016-cı ildə Misirdə öldürülən italyan tədqiqatçı Culio Regeninin qətlində Misirin gizli xidmətinin 4 əməkdaşının iştirak etdiyini açıqlayıblar.
Misirli hüquqşünas Mahmud Rüfət cinayət işinə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin oğlu Mahmud əs-Sisinin də qarışdığını iddia edib.
İtaliyada Prezident Sisiyə Fransa Prezidenti Emmanuel Makron tərəfindən “Fəxri Legion” ordeninin verilməsinə etirazlar başlayıb. İtalyan yazıçı Korrado Audcas da Sisiyə belə bir ordeninin verilməsinə etiraz etmək üçün özündə olan eyniadlı medalı Fransa hökumətinə qaytarıb.