Noyabrın 25-də Argentinada vəfat edən Dieqo Maradona ilə bağlı aparılan toksikoloji testlər əfsanəvi futbolçunun ölümündən əvvəl narkotik və ya spirtli içki qəbul etmədiyini ortaya çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Argentinanın rəsmi xəbər agentliyi TELAM məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Maradonanın yarılma müayinəsinin tamamlayıcı testi olaraq götürülən qan, sidik və digər testlərdə alkoqol və narkotik maddə aşkar edilməsə də, onun asılılıq və depressiya müalicəsində istifadə edilən bəzi psixotrop dərmanlar atdığı müəyyən olunub.
Testlərdə Maradonanın ölümündən əvvəl depressiya və asılılıqla bağlı aldığı müalicədə “Venlafaksin”, “Quetiapine”, “Levetiracetam” və “Naltrexone” istifadə etdiyi ortaya çıxıb.
Ürək döyüntüsü ritminin pozulmasına səbəb olan bu dərmanların xroniki ürək xəstəliyi olan bir şəxs üçün uyğun olub-olmadığının araşdırılacağı bildirilib.
İstintaqda iştirak edən prokurorlar əfsanəvi futbolçunun ölümünün qarşısını alına biləcəyini, ölümündə Maradonanın həkimlərinin məsuliyyət daşıdığını araşdırmaq üçün “Tibbi Komanda” quracaqları deyilib.
Məşhur futbolçunun ölümündə səhlənkarlığın olub-olmadığına dair istintaq çərçivəsində Maradonanın neyrocərrahı Leopold Luk və psixiatrı Avqustina Kosaçovun evləri və kompüterləri axtarılıb, mobil telefonları müsadirə edilib.