23 Dekabr 2020 12:57
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş hökuməti əlaqələri yaxşılaşdırmaq üçün Rabata gələn ABŞ və İsrailin nümayəndə heyətləri ilə üçtərəfli əməkdaşlıq müqaviləsinin imzalandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Mərakeş Kralı VI Məhəmməd münasibətlərin normallaşması çərçivəsində ABŞ və İsrailin nümayəndə heyətlərini qəbul edib.

Mərakeş Xarici işlər naziri Nasir Burita danışıqların müsbət olduğunu, əlaqələri yaxşılaşdırmaq üçün üçtərəfli əməkdaşlıq müqaviləsinin imzalandığını və iki həftə ərzində qarşılıqlı əlaqə ofislərinin yaradılmasına qərar verildiyini bildirib.

Burita qeyd edib ki, tərəflər anlaşma çərçivəsində öhdəliklərini tam yerinə yetirməli və yanvar ayının sonuna qədər digər addımlar atmalıdırlar.

Nazir müqavilənin İsrail və Mərakeş arasında qardaşlıq və diplomatik əlaqələrin qurulması da daxil olmaqla, təmasların dərhal başlamasını əhatə etdiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Jared Kuşner strateji qərarlarına görə Mərakeş kralına minnətdarlığını bildirib və iki ölkə arasındakı danışıqlarda iştirak etməkdən xoşbəxt olduğunu deyib.

ABŞ-ı ilk tanıyan ölkənin Mərakeş Krallığı olduğunu xatırladan Kuşner qeyd edib: “ABŞ Mərakeşin Qərbi Səhradakı suverenliyini tanıyır və bu yaxınlarda Dahlada bir konsulluq açacağıq”.

İsrail nümayəndə heyətinin rəhbəri, Təhlükəsizlik Şurasının sədri Meir Ben-Şabbat Təl-Əviv və Rabat arasındakı anlaşmanı “tarixi” adlandırıb: “İki ölkə arasındakı sülh hər kəsi, xüsusən Mərakeş yəhudilərini xoşbəxt etdi”.

Mərakeş və İsrail iqtisadiyyat, ticarət və turizm sahələrində 4 müqavilə imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər