İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı general İsmayıl Qəninin İraqın paytaxtı Bağdada gəldiyi və iki gün əvvəl şiə liderlərlə görüşdüyü iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqdakı diplomatik mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, ABŞ ordusunun hücumunda həlak olan Qasım Süleymaninin xələfi İsmayıl Qəni iki gün əvvəl Bağdada gəlib.
Mənbə iranlı generalın “Əl-Həşd əş-Şaabi”nin lideri Falih Fəyyad və “Bədr” təşkilatının lideri Hadi əl-Əmiri ilə görüşdüyünü və İranın bununla üç gün əvvəl Bağdaddakı ABŞ səfirliyinə edilən hücumda iştirak etmədiyi mesajını çatdırdığını bildirib.
Bundan əvvəl İraq Baş naziri Mustafa əl-Kazıminin noyabrın 21-də Bağdadda Süleymaninin xələfi Qəni ilə görüşdüyü iddia edilib.
ABŞ-ın Bağdaddakı səfirliyinə üç gün əvvəl 8 raket zərbəsi endirilib.
“Qüds” briqadasının Qənidən əvvəlki komandanı Qasım Süleymani bu il yanvarın 3-də ABŞ silahlı qüvvələrinin Bağdadda həyata keçirdiyi əməliyyatlar zamanı öldürülüb.