24 Dekabr 2020 17:18
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

“Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun dəvəti ilə ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, M.Çavuşoğlu Yüksək Səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclasında iştirak etmək üçün Soçiyə gələcək.

"Görüş zamanı aktual regional və beynəlxalq problemlər nəzərdən keçiriləcək. Nümayəndə heyətləri Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyəti müzakirə edəcəklər. Beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığın effektivliyin artırılmasının yollarına toxunulacaq”, - deyə M.Zaxarova bildirib.

O qeyd edib ki, görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatının reallaşdırılması ilə bağlı cari məsələlər üzərində detallı şəkildə işləmək planlaşdırılır:

“Mümkün hərbi toqquşmaların baş verməsi riskinin minimallaşdırılmasına və ölkələrə humanitar yardım göstrərilməsinə vurğu yönəldiləcək. Bundan başqa, nazirlərin görüşündə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işi də diqqət mərkəzində olacaq”.

Qeyd edək ki, Birgə Strateji Planlaşdırma Qrupunun yeddinci iclası 29 mart 2019-cu ildə Antalyada keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər